Soyuqdan donan şagirdlər belə etiraz etdilər - Açıqlama - Yenilənib

Soyuqdan donan şagirdlər belə etiraz etdilər
Oxunma sayı: 6339

Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu gün çəkilən görüntüdə məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə istiliyin olmamasına etiraz ediblər.

Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir: “Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırılacaq, məktəb istiliklə təmin olunacaq”.

***

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun sözlərinə görə, məktəbdə istilik artıq bərpa edilib: “Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Ustalar təmir işləri aparıb. Artıq məktəbdə istilik bərpa olunub”.

Gülnar Əliyeva