Suraxanıda 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib

suraxanida-20-yanvar-faciesi-ile-bagli-tedbirler-kecirilib
Oxunma sayı: 801

Suraxanıda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində xatirə anım mərasimləri keçirilib, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, ictimaiyyət nümayəndələri rayonun Yeni Suraxanı qəsəbəsində “Vətən şəhidləri” abidə kompleksini, 20 yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun və Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını ziyarət edib. Sonra isə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində 20 Yanvar facəsinə həsr olunmuş sərgi ilə tanış olaraq, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.

Ümumrayon tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, 20 yanvar faciəsi şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır.

Tədbirdə “20 Yanvar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev, şəhid İbiş Məmmədovun anası Zərri Babayeva, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova, şəhid Faiq Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə, Azərbaycan Vətən müharibəsi İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxış edib.

20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərinə humanitar yardım göstərilib.

Sonra tədbir iştirakçıları “Şəhidlər xiyabanı”nı ziyarət ediblər.