Suraxanıda şəhid doğum günündə anıldı - Foto

suraxanida-sehid-dogum-gununde-anildi
Oxunma sayı: 1640

21 yaşında şəhidlik zirvəsinə ucalan leytenant, Əliyev Samir Əliheydər oğlunun doğum günü münasibətilə avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, şəhid ailələri və digər qonaqlar Vətən müharibəsində qələbənin qazanılmasında şücaət göstərən şəhidin əziz xatirəsini məzarı önündə ehtiramla yad edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhidin məzarı üzərində inşa olunmuş abidəsinin açılışı da baş tutub. Həmçinin ehsan süfrəsində Samir Əliyevin ruhuna dualar oxunub və doğmalarına dərin hüznlə baş sağlığı verilib.

Əziz Əzizov çıxış edərək bütün şəhidlərin xatirəsini anıb, xalqımızın azadlığı, ölkəmizin suverenliyi naminə canlarından keçən Vətən övladlarımızın qəhrəmanlığının böyük qürur hissi doğurduğunu qeyd edib və Samir Əliyevi boya-başa çatdıran anası Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli verib. O, vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkürünü bildirib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edən leytenant Samir Əliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci ilin sentyabrın 29-u Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv edib, düşmən tankını geri çəkilməyə məcbur edib. Yaralı olmasına baxmayaraq, digər yaralı yoldaşlarına yardım edərək onları təhlükəli istiqamətlərdən çıxaran S. Əliyev Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı şəhid olub.