Suriyada kütləvi qətliam davam edir

suriyada-kutlevi-qetliam-davam-edir
Oxunma sayı: 632

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Suriya ordusunun hökumət müxaliflərinə qarşı keçirdiyi əməliyyatlar davam edir. Belə ki, ordunun paytaxt Dəməşq ətrafında, eləcə də Hums, Dəraa, Həma, Deyr əz-Zor, İdlib və digər şəhərlərində müxaliflərə qarşı keçirdiyi reydlər nəticəsində ümumilikdə 78 mülki suriyalı həyatını itirib.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqlarının Monitorinqi Təşkilatından ordu qüvvələrinin müxaliflərə qarşı əməliyyatlarda ağır zirehli texnikadan istifadə etdiyi bildirilib. Təşkilatın məlumatında təkcə Dəməşq ətrafında keçirilən reydlər zamanı 30 nəfərin həyatını itirdiyi qeyd olunub.

Suriyalı fəalların bölgədən verdikləri məlumatlarda isə ordunun müxaliflərin məskunlaşdığı şəhərləri top atəşinə tutduğu və sözügedən şəhərlərdə xeyli sayda binanın dağıdıldığı öz əksini tapıb. Müxtəlif şəhərlərdə elektrik enerjisinin verilməsində mütəmadi fasilələrin yarandığını bildirən fəallar partlayışlar və silah səslərindən dolayı insanların psixi vəziyyətlərinin pisləşdiyini deyiblər.

Bu arada bir sıra xarici KİV Hələb şəhərində bir çox həkimin həbs edildiyi barədə məlumat yayıb.