Tanınmış əlilliyi olan şəxslər “saxta əlillər”ə qarşı

taninmis-elilliyi-olan-sexsler-saxta-elillere-qarsi
Oxunma sayı: 6221

Azərbaycanın tanınmış əlilliyi olan şəxslər sağlam ola-ola saxta yollarla əlillik dərəcəsi alaraq hər ay dövlətdən sosial ödənişlər əldə edən, güzəşt və imtiyazlardan yararlananlar barədə açıqlama verib.

“Qafqazinfo” həmin açıqlamaları təqdim edir:

Qarabağ müharibəsi əlili, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev:

“Əlbəttə, saxta yolla əlillik alanlara münasibətim çox pisdir. Allah insana sağlam canı ona görə verib ki, bundan istifadə edib öz firavan həyatı, milləti, el-obası üçün çalışsın, əmək sərf etsin. Lakin sağlam olduğun halda gedib müxtəlif vasitələrlə, qanunsuz yolla özünə əlillik dərəcəsi alırsan və başlayırsan müftəxorluq etməyə, havayı qazanc əldə etməyə...Ona görə də belə əməllərin qarşısı alınırsa, bunu yalnız alqışlamaq olar...”

Qazi, polkovnik-leytenant Elşən Qarayev: “Hətta eləsi var ki, özünün yaxşı qazancı, gəliri, imkanları var. Amma üstəlik gedib özünə hansısa yolla, pul verərək hansısa cinayətkar həkimin əli ilə yalandan əlillik dərəcəsi də düzəltdirib ki, dövlətdən də əlavə pensiya-filan alsın. İnanmıram beləsində bir qram vicdan ola...Belə hallar gərək olmasın. Hökumət də çalışır ki, o yalançı əlillərin qabağını alsın, şəxsən mən dəstəkləyirəm bu sahədə aparılan işləri. Saxta, yalançı əlilliklərin qabağını almaq lazımdır”.

Qazi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov:

“Görəsən, o yalançı əlillər həqiqi əlilləri görəndə azca da olsa utanırlarmı?!! Sən bütün günü Allaha şükür eləməlisən ki, əlilliyin yoxdur, canın sağlamdır, daha gedib yalandan əlillik almaq nə deməkdir...Niyə sən yalandan əlil çıxıb dövlətdən qanunsuz yerə hər ay pul almalısan?! Belə şeylərə yol vermək olmaz. Hamımız da o yalançı əlilləri görürük ki, var, amma bircə dəfə qınamışıqmı onları? Yox. Düzdür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklərin aşkar edilərək ləğv olunması üçün ardıcıl işlər aparılır, minlərlə saxta əlillik ləğv olunub, düz də ediblər. Amma mən düşünürəm ki, saxta əlillik alanlara qarşı həm də cəmiyyətin bir qınağı olmalıdır”.

2020-ci il Gənclər üçün Prezident Mükafatına layiq görülən şairə  Mətanət Quliyeva (Qüdsi):  “Başqalarını aldadan, müftə yolla, haqqı çatmayan qazanc əldə etməyə çalışanlara yaxşı nəzərlərlə baxa bilərik? Yox! Bax, yalandan əlillik dərəcəsi alaraq yaşayanlar da təxminən belədir. Özünü qürurlu sanan, dövlətinə sadiqlik göstərən şəxs saxtakarlıqdan da uzaq olmalıdır,  o cümlədən saxta əlillikdən...”

“Əlil sahibkarlar təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev: “Mən də belə yalançı əlilliyi olanları görəndə istər-istəməz məndə o adamlar haqqında mənfi təəssürat yaranır. Məlumdur ki, bunu ona görə edirlər ki, hər ay əlavə gəlir kimi, pensiya və ya müavinət, təqaüd alsınlar... Amma hər şeyin bir halallığı da olmalıdır axı...Sən haqqın çatmayan paya necə, hansı vicdanla sahib ola bilərsən axı?! Özü də 5-6 il qabaqlar belə şeylər çox idi, özü də elə çətinliyi yox idi, kim istəyirdi gedib hansısa həkimlə, dəllalla, maklerlə  danışıb, pulunu verib yalandan əlillik dərəcəsi alırdı... Son illər yaxşı ki, belə saxta əlilliklərə qarşı güclü mübarizə gedir. Düzdür, saxta əlilliyi kəsilənlər başlayırlar inciməyə...Amma onlar birinci özlərindən küssünlər ki, niyə əlillərin haqlarına giriblər?!”