Tanrının ikinci qolu...

tanrinin-ikinci-qolu
Oxunma sayı: 4549

Dünən futbolda Vətən Müharibəsi idi. Meydana ölkənin Ali Baş Məşqçisinin Ali Baş Komandası çıxmışdı.

“Tofiq Bəhramov” Alxanlıya, Murov zirvəsinə, “Braqa” da Ohanyan səddinə bənzəyirdi.

İkisi də bizim torpaqlarda...

0:2-dən sonra əks-hücum əməliyyatı başladı - mifi darmadağın etdik....

Qurban Qurbanovun da dediyi kimi, futbolçular əsl azərbaycanlı kimi döyüşdü. Məsələn, dağıdıcı futbol oynayan, işi topu müdafiədən uzaqlaşdırmaq olan Bədavi o ötürməni “Bayraktar” dəqiqliyi ilə necə verdi? Bir həftə əvvəl böyüməyinə ümid bəslədiyimiz Nəriman “Harop”a necə çevrildi? Hələ Qurban Qurbanov azlıqda qaldığımız, müdafiə olunmağımıza ehtiyac duyulduğu, hər şeyin penaltilərə doğru getdiyi anda 19 yaşlı uşağı, bir neçə ayın əsgərini hücuma, döyüşə necə atdı?

Tanrının ötürməsi, tanrının əvəzetməsi, tanrının qolu idi. 86-cı ildə Maradonanın qolunda olduğu kimi, bu dəfə də tanrı bu işə əl atdı...

Qurban Qurbanov çox təvazökardır. Bu qədər böyük işlər görən adam, oyundan sonra özünü Azərbaycanın kiçik vətəndaşı adlandırıb. Halbuki biz onu öyməyə söz tapmırıq, bilmirik hansı sözü işlədək, hansı cümləni quraq ki, Qurbanov zirvəsinə çata bilsin...

“Qarabağ” dünən uduza da bilərdi, faciəvi heç nə baş verməyəcəkdi. Qurbanov yenə Azərbaycanın ən yaxşı, ən xarizmatik məşqçisi olaraq qalacaqdı.
Yolda görənlər yenə Qurbanovu qucaqlayacaqdı, şəkil çəkdirəcəkdi, lap bağrına da basacaqdı.

Amma adam öyrənməyə, öyrətməyə doymur. Qurbanov ona görə böyükdür ki, hətta bu vacib matç ərəfəsində nələrisə öyrənmək məqsədilə Almaniyaya səfər edib məşqçi kimi özündən təcrübəsiz, amma zəngin futbolçu karyerası olmuş “Bayer”in çalışdırıcısı Xabi Alonsodan nələrisə qoparır,  öyrəndiyini öz işində tətbiq edir. Və nəticə də göz qabağında... 

Oyun bitir. Qurban Qurbanova hisslərini bölüşmək üçün mikrofon uzadılır. Bir anlıq tribunalara baxır, orada sevincli üzləri, rəngarəngliyi görür və tutulur, kövrəlir. 

Bu zəfəri Vətən müharibəsində qazanılan qələbəyə bağlayır. “Qalib xalqa qalibiyyət yaraşır” deyir.

Qurbanov özü uğur qazanıb deyə sevincindən ağlamırdı, o müqəddəs göz yaşları şəhidlər verən, 20 Yanvarı, Xocalı müsibətini yaşayan xalqı qalib gördüyü üçün idi...

Qurbanovun növbəti sevinc gözyaşlarını görmək ümidiylə...

O, nə vaxt ekranlar qarşısında sevincindən kövrəlirsə, deməli, Azərbaycan tarixində ciddi hadisə baş verib, ciddi qələbə yaşanıb.

Emin Səfərov