TƏBİB bayramda gücləndirilmiş rejimdə işləyəcək

tebib-bayramda-guclendirilmis-rejimde-isleyecek
Oxunma sayı: 244

Qarşıdan gələn Novruz və Ramazan bayramı günlərində əhalinin tibbi xidmətlərə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə 20–27 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xüsusi hazırlıq planı həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin olunacaq. Eyni zamanda laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.

Bayram günlərində paytaxt əhalisinin regionlara səfərlərinin artması, kütləvi tədbirlərin təşkili, eləcə də yol-nəqliyyat hadisələrinin sayında mümkün artım nəzərə alınaraq, tibb müəssisələrində əlavə hazırlıq tədbirləri görülüb. Təcili tibbi yardım briqadalarının sayı artırılıb, regionlar üzrə koordinasiya gücləndirilib və ehtiyat tibbi resurslar hazır vəziyyətə gətirilib.

Həmçinin kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və intensiv hərəkət müşahidə olunan istiqamətlərdə operativ tibbi müdaxilə imkanlarının genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət təmin edilir. Bayram günləri ərzində ixtisaslı tibbi xidmətlərin fasiləsiz və operativ təşkili aidiyyəti struktur bölmələr tərəfindən daim nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, altıgünlük iş rejimi tətbiq olunan tibb müəssisələrində fəaliyyət 28 mart tarixindən etibarən bərpa ediləcək.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-30 mart tarixləri qeyri-iş günü olacaq.