Yaxın Şərqdə artan münaqişələr və hava məkanının bağlanması bölgədə mülki aviasiyanı, demək olar ki, iflic edib. Lakin bölgədə qalan varlı sərnişinlər bölgəni tərk etmək üçün bahalı bir yol taparaq, Avropaya çatmaq məqsədilə şəxsi təyyarələrə üz tutublar.
“Qafqazinfo” xəbər verir ki, bəzi sərnişinlər Avropaya uçmaq üçün şəxsi təyyarələrə 150-200 min avro arasında pul ödəyirlər.
Çarter reyslərinin qiymətinin isə 350 min dollara qədər yüksəldiyi bildirilir.
İranın Yaxın Şərqdəki Körfəz ölkələrinə qarşı əməliyyatı səbəbindən bir sıra hava limanları bağlanıb və planlaşdırılan uçuşlar dayandırılıb. Bu vəziyyət bölgədə mülki aviasiya fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və minlərlə insanın regionda qalmasına səbəb olub.
Böhranın təsiri qısaməsafəli uçuşlarda da hiss olunur. Omanın paytaxtı Məsqətdən İstanbula kiçik təyyarə ilə uçuşun qiyməti normal tariflərlə müqayisədə kəskin artaraq, 85 min avroya qədər yüksəlib.
AP və “The Guardian” kimi nəşrlərin məlumatına görə, bölgədə təhlükəsizlik riskləri və planlaşdırılan reyslərin dayandırılması şəxsi təyyarə bazarında qiymətlərin rekord səviyyəyə qalxmasına səbəb olub.
Sərnişinlərin Dubaydan birbaşa uçuş tapmaqda çətinlik çəkdiyi üçün alternativ yollar axtardıqları bildirilir. Bir çoxu əvvəlcə quru yolu ilə qonşu ölkələrə keçməyə çalışır, daha sonra isə həmin ölkələrdən bölgəni tərk etmək üçün imkan axtarır.
Omanın Məsqət şəhəri quru yolu ilə keçiddən sonra özəl təyyarələr üçün mühüm mərkəzə çevrilib. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhəri isə məhdud sayda kommersiya uçuşları və şəxsi təyyarələr üçün üstünlük verilən digər dayanacaqlardan biridir.
Şəxsi təyyarə şirkətləri hazırda tarixdə ən yüksək tələbat səviyyələrindən biri ilə üzləşdiklərini bildirirlər. Lakin bu tələbi tam qarşılamaq mümkün olmur.
Bir çarter şirkətinin rəhbəri bazardakı vəziyyəti belə izah edib:
“Tələbat çox böyükdür, lakin kifayət qədər təyyarə tapa bilmirik. Qiymətlər 100 min dollardan 300 min dollara qədər dəyişə bilər”.
Son xəbərlər
Son Xəbərlər