Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar

birinin-meyiti-masindan-digerininki-arxdan-tapildi
Oxunma sayı: 2109

Tovuz rayonunda iki kişinin meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, meyitlər rayonun Xatınlı avtomobil yolunda müəyyən edilib.

Ərazidə aparılan ilkin araşdırma zamanı meyitlərdən biri “VAZ 2107” markalı avtomobilin içərisində sıxılmış vəziyyətdə, digəri isə avtomobildən təxminən 100 metr aralıda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyit FHN əməkdaşlarının köməyilə çıxarılıb.

Məlumata görə, meyitlərdən biri Xatınlı kənd sakini Səid Həziyevə, digəri isə “VAZ 2107” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Arzu Müseyibova məxsusdur. S.Həziyevin ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tovuz rayonu, Xatınlı  kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yunis Quliyev