Türkiyədə peyvəndlənmə başladı, nazirə vaksin vuruldu - Video+Yenilənib

turkiyede-peyvendlenme-basladi-nazire-vaksin-vuruldu
Oxunma sayı: 2690

Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Qurumu ölkədə təcili peyvəndlənmə prosesinin başlanmasına qərar verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, qurumun qərarını səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə Komitəsinin iclasından sonra açıqlayıb. O bildirib ki, ölkəyə gətirilən CoronaVac vaksininin 14 günlük təhlükəsizlik testi başa çatıb.

“Əvvəlcə özümün vaksin vurdurcağımı sizə demişdim. Bir azdan sizin qarşınızda Komitə üzvlərimizdən koronavirus xəstəliyini keçirmiş, yaxud könüllü olanlarla birlikdə peyvənd olunacağıq. Sabahdan etibarən bütün tibb işçilərinə vaksinin vurulmasına başlanılacaq”, - deyə nazir qeyd edib.

F.Qocanın sözlərinə görə, onun bu addımı vətəndaşları motivasiya edəcək.

***

Artıq  səhiyyə naziri Fəxrəddin Qocaya vaksin vurulub. Nazir peyvənd olunduqdan sonra bu açıqlamanı verib:

“Bu peyvəndlənmə prosedurunun, proqramının millətimizə xeyirli olmasını diləyirəm. Xatırlayırsınızsa, daha əvvəl tunelin ucunda işıq göründü demişdim. Bu gün həmin gündür. Peyvəndlənmənin dünyada başlaması ilə bu işığı görmüşdük. Qarşımızdakı günlərin aydınlıq olacağına inanıram. Hamının da peyvənd olunmasının vacibliyini vurğulamaq istəyirəm.

Çünki bu xəstəlikdən qorunmağın ən önəmli yollarından biri peyvənddir. Normal, əvvəlki həyatımıza qayıtmaq üçün vaksini mütləq vurdurmalıyıq”.