Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üçün qoşunların cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsinə hazır olduğunu bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, bu təklif yalnız Rusiyanın da analoji addım atacağı təqdirdə qüvvədə olacaq.
“Ukrayna Prezidenti Avropa liderləri ilə görüşündə təmas xəttində gərginliyin azaldılması üçün demilitarizasiya olunmuş zonaların yaradılmasını müzakirə edib. Zelenskinin əsas şərtlərindən biri Rusiyanın gələcəkdə sülh müqaviləsini pozacağı təqdirdə müttəfiqlərin atacağı konkret addımları müəyyən edən hüquqi təhlükəsizlik zəmanətləridir.
Bundan əlavə, Kiyev Ukrayna ordusu və hava hücumundan müdafiə sistemləri üçün sabit maliyyələşdirmə, həmçinin ölkə ərazisində Avropa hərbi kontingentinin yerləşdirilməsini tələb edir.
Ərazi məsələlərinə gəlincə, Ukrayna rəhbərliyi hər hansı ərazi güzəştinin yalnız dinc və təhlükəsiz şəraitdə keçiriləcək ümumxalq referendumu yolu ilə mümkün ola biləcəyini vurğulayıb”, – deyə məqalədə qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da münaqişənin həlli prosesində BMT-nin daha aktiv iştirakının vacibliyini qeyd edib. Zelenski isə hazırda Florida ştatında Trampla keçirəcəyi görüşdə bu şərtlərin son detallarını razılaşdırmağa çalışır.
Son xəbərlər
Son Xəbərlər