Ukrayna rəsmisi İran XİN-ə çağırıldı

ukrayna-resmisi-iran-xin-e-cagirildi
Oxunma sayı: 3063

Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili Yevgeniy Kravçenko İran XİN-ə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, buna səbəb Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın İranın Müdafiə Nazirliyinin obyektlərinə dron hücumu barədə açıqlaması olub.

Qeyd edək ki, Podolyak öz rəsmi tviter hesabında etdiyi paylaşımda İran Müdafiə Nazirliyinin İsfahan və Azərşəhr şəhərlərində yerləşən hərbi obyektlərinə dron hücumlarının hazırda Ukraynada baş verən hadisələr və İranın Rusiyaya yardımı ilə əlaqəli ola biləcəyinə eyham vurub. O, “Ukrayna sizə xəbərdarlıq etmişdi” deyə qeyd edib.

Xatırladaq ki, yanvarın 29-u İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində partlayış baş verib. İsfahan valiliyi partlayışı təsdiqləyərək itkilərin olmadığını açıqlayıb. İran Müdafiə Nazirliyindən verilən açıqlamada isə hərbi obyektə mikro pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.