Valideynlərin böyük qorxusu - “Qızdırma zamanı sudurqa”

valideynlerin-boyuk-qorxusu
Oxunma sayı: 15484

Uşaqlar xəstələnəndə valideynləri ən çox qorxudan ehtimal uşağın qızdırmaya görə sudurqa tutmasıdır. Tibbdə buna “febril qıcolma” və ya “qızdırmaya bağlı qıcolma” deyilir və bu uşaqlarda ən çox rast gəlinən qıcolma növüdür.

Bu qorxudan bəzi valideynlər hətta gecədən səhərə qədər uşaqlarının yataqlarının başında keşik çəkirlər. Qış mövsümündə, xüsusilə də məktəb yaşında uşaqları olan valideynlər bu problemlə daha tez-tez üzləşməli olurlar.

Mövzunun aktuallığını nəzərə alaraq Ege Hospitalın həkimi, Türkiye Hacettepe Unversitetində uşaq nevrologiyası üzrə üst-ixtisas təhsili (yandal uzmanlığı) almış Dr.Cavid Sərdarzadənin müsahibəsini təqdim edirik:

-Valideynlər niyə qızdırmaya bağlı qıcolmadan bu qədər qorxurlar?
-Valideynlərin ən böyük qorxusu “febril qıcolma”nın uzun müddət davam etməsidir. Tibbdə  buna “status tablosu” deyirik.

Bu zaman uşaqların beyninə hər hansı bir zərər gələ biləcəyi düşünülür.

Digər tərəfdən isə, qıcolmalar zamanı ağızda dil geri çəkilə bilər. El arasında buna “dili qatlandı” və ya “dili boğazına qaçdı” deyirlər. Belə olduqda valideynlər uşaqlarının boğulmasından qorxurlar.

Bu qorxu ilə müxtəlif müdaxilələr edirlər. Məsələn, qışıqla uşağın ağzını açmağa çalışırlar. Bu bəzi hallarda uşaqların dişlərinin sınmasına səbəb olur. Əslində isə, buna heç bir ehtiyac yoxdur. Dil nəfəs borusunun önünü kəsib boğulmağa səbəb ola bilməz.

-Ümumiyyətlə, qızdırmaya bağlı qıcolma nədir? Bu niyə baş verir?
-Qızdırmaya bağlı qıcolma, tibbdə buna “febril qıcolma” deyirlər: yüksək qızdırma nəticəsində olur. Burada qızdırma əsasən 38-38,4oC-dən yuxarı dərəcədə olması nəzərdə tutulur. Bəzi hallarda xəstəliyin başlarında qızdırma çox yüksəlməyə bilər.

Febril qıcolma zamanı şüurun itməsi, əzələlərin qatılaşması, yəni yığılıb sərtləşməsi, ani yığılıb açılma hərəkətlərinin təkrar etməsi və ya uşaqda yığılma olmadan hərəkətsiz qalma, gözlərin bir tərəfə və ya yuxarıya sabit baxması, ağızdan köpük gəlməsi, dodaqların göyərməsi kimi əlamətlər özünü göstərə bilər.

-Qızdırma zamanı qıcolma hansı yaşlarda daha çox olur?
-Febril qıcolmanın görülməsi coğrafi əraziyə, genetik meyilliyə və sosyal-iqtisadi vəziyyətə görə fərqliliklər göstərir. 7 yaşına qədər uşaqların 2-8 faizində rast gəlinir. Yəni hər 7 yaşa qədər 100 uşaqdan 2-8-də febril qıcolmaya rast gəlinir.

Bunların çoxu 6 ayla 5 yaş arasındadır. Bu yaş aralığındakı febril qıcolmaların yarısı isə 2 yaşadək uşaqlarda görülür. Yəni, “febril qıcolmalar uşaqlarda ən çox 18-24 ay arasında müşahidə edilir” deyə bilərik.

Sual verə bilərsiz ki, niyə bu yaş aralıqlarında olur və ya niyə 2 yaşın altında daha çox müşahidə olunur? Çünkü bu yaş aralıqlarında uşaqların sinir sisteminin inkişafı hələ tam deyildir və sinir sistemi yüksək qızdırmaya qarşı həssasdır. Belə həssas olmasının da müxtəlif mexanizmaları vardır.

-Hər qızdırmalı xəstəlik zamanı febril qıcolma ola bilərmi?
-Qızdırmanı yüksəldən hər növ virus və bakterial xəstəliklər febril qıcolmaya səbəb ola bilər. Virus mənşəli xəstəliklərdə daha çox rast gəlinir. Febril qıcolmada qızdırmanın 80-90% səbəbi virus mənşəli xəstəliklərdir. Buraya ən çox  tənəffüs yollarının virus xəstəlikləri aid edilə bilər. Digər sistemləri tutan xəstəliklər zamanı febril qıcolma nisbətən az müşahidə olunur.

-Hansı uşaqlarda febril qıcolma ehtimalı daha çoxdur?
Burada ən önəmli risk faktoru uşağın yaşı, qızdırma və ailəvi (genetik) meyillilikdir. Xəstələrin təxminən 25-40 faizində ailədə febril qıcolması olan fərdlər vardır. Məsələn, valideynlərin hər ikisində qızdırmaya bağlı qıcolma olursa, uşaqda olma ehtimalı 33 faizdir. Digər tərəfdən isə inkişafı yaşıdlarına görə geridə olan uşaqlarda qıcolma riski artır.

-Bir uşaqda qızdırma zamanı sudurqa olarsa, təkrar olma ehtimalı artırmı?
-Febril qıcolma keçirən uşaqların təxminən üçdə biri təkrar keçirə bilər. Bunun ən önəmli risk faktoru ailədə febril qıcolma hekayəsi olan birinin olması və ilk febril qıcolmanın daha erkən aylarda, 18 aydan əvvəl olmasıdır.

Digər risklərdən biri isə daha aşağı dərəcədə qızdırmada (38 oC-dən aşağı) qıcolma müşahidə edilirsə, qıcolmanın təkrarlanma riski artar.

-Febril qıcolma epilepsiya xəstəliyinə səbəb olurmu?
-Belə bir ehtimal var. Amma bu ehtimal çox azdır. Əgər uşaqda beyin sinir inkişafına dair bir xəstəlik, ailədə epilepsiya xəstəliyi varsa və ilk febril qıcolmanı mürrəkkəb formada keçiribsə, gələcəkdə epilepsiya xəstəliyin olma ehtimalı vardır.

Bu xəstələr mütləq uşaq nevroloqları tərəfindən təqib edilməlidir, nəzarətdə saxlanılmalıdır, vaxtı vaxtında müayinəyə aparılmalıdır.

-Qızdırmalı sudurqa zamanı ilk yardım necə edilməlidir?
-Qızdırmaya bağlı qıcolmaların çoxunda davam etmə müddəti qısadır. Çox vaxt müdaxiləyə ehtiyac olmadan öz-özünə sonlanır.

Ailələr hər şeydən əvvəl təlaş etməməlidir. Bəzi ailələr təlaşla uşaqlara zərər verə bilirlər. Qaşıq və ya barmaqla uşağın ağzını açıq tutmağa çalışmamalıdırlar. Bu zaman dişlərinə və dilinə xəsarət yetirmək mümkündür.

Uşağı yana doğru çevirmək, əgər uşaq qıcolma sırasında qusarsa, qusuntu kütləsini nəfəs borusuna getməməsi üçün təmizləmək lazımdır.

Analar və atalar çox qorxmuş ola bilərlər, ancaq onlar bu müddətin qısa olacağını və öz-özünə keçəcəyini bilməlidirlər.

Valideynlərin etdiyi başqa bir səhv sirkə, spirt, yağ və odekolonla uşağın bədənini silməyə çalışmaqdır. Bunu etməsinlər.

Uşağın qızdırması çox yüksəkdirsə, üzərindəkiləri çıxarıb bədənini ilıq bir bezlə silinməsi qızdırmanı aşağı sala bilər. Qızdırma salıcı rektal şamlardan istifadə edilə bilər.

Daha sonra isə uşaq xəstəxanaya aparılmalıdır. Valideynlər unutmamalıdır ki, qıcolmadan daha vacib qızdırmaya səbəb olan xəstəliyin araşdırılması və müalicə edilməsidir.