Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən tələbəsi Vüqar Kərəmov azadlığa buraxılmasını istəyir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançının vəkili müvəkkili haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib.
Vəkil V.Kərəmovun istintaqdan yayınma və tərəflərə təsir etmə fikrinin olmadığını deyərək vəsatətin təmin edilməsini xahiş edib. Xətai Rayon Məhkəməsi isə iş üzrə ilkin istintaq hərəkətlərinin davam etdiyini qeyd edərək təqsirləndirilən idmançının həbsdə qalmasını uyğun bilib.
İdmançının vəkili qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər. Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.