Xankəndidə Gənclər Günü - Video

xankendide-gencler-gunu
Oxunma sayı: 3064

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər.

Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar.

Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciəti səsləndirilib.

“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb.

Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.