YAP-çı deputat Goranboyda şəhidin il mərasimində iştirak edib - Fotolar

yap-ci-deputat-goranboyda-sehidin-il-merasiminde-istirak-edib
Oxunma sayı: 1173

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti ilə birlikdə Goranboy rayonu Qarqucaq kəndində Vətən müharibəsi şəhidi Aslanov Rəşad Taryel oğlunun il mərasimində iştirak edib.  

“Qafqazinfo” xəbər verir ki, mərasim iştirakçıları şəhid Aslanov Rəşadın Qarqucaq kəndindəki məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra şəhidin evində təşkil olunmuş anım mərasimində çıxış edən millət vəkili şəhidimizə Allahdan rəhmət diləyib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ zəfər savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Aslanov Rəşad ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.