Yasamalda daha bir futbol meydançası istifadəyə verildi - Fotolar

yasamalda-daha-bir-futbol-meydancasi-istifadeye-verildi
Oxunma sayı: 2214

Bu gün paytaxtın Yasamal rayonu ərazisində Rayon İcra Hakimiyyəti, AFFA və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü futbol meydançası sakinlərin istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan futbolunun əfsanələri İsgəndər Cavadov, Vəli Qasımov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən icra başçısı Elşad Həsənov qeyd edib ki, yeni bir meydançanın istifadəyə verilməsi yerli sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün gözəl imkanlar yaradacaq.

E. Həsənov son zamanlar ölkəmizdə, o cümlədən Yasamal rayonunda geniş abadlıq-quruculuq işlərinin aparıldığını bildirib. Bu mənada Heydər Əliyev Fondu və İDEA ictimai birliyi tərəfindən görülən işlər xüsusi qeyd edilib. Bildirilib ki, son illər İDEA tərəfindən qurulmuş və abadlaşdırılmış “Bizim həyət”lərdən bu gün Yasamal sakinləri geniş istifadə edir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

RİH başçısı Elşad Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da yüksək templə davam edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev,  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeni nəsilə öz nəsihət və xeyir-dualarını veriblər. Daha sonra uşaqlar və rəsmilər arasında qısa futbol oyunu keçirilib.