“Yenə təkəm” deyib ağladı - Fotolar + Video

yene-tekem-deyib-agladi
Oxunma sayı: 13228

Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti Aygün Kazımova “Crystal Hall” səhnəsində ilk azərbaycanlı müğənni olaraq solo konsert verib. 

“Qafqazinfo” xəbər verir ki, musiqili gecə üçün 6 aydan çoxdur ki, hazırlaşan pop ulduzun arzusu reallaşıb. Konsert başlamamışdan əvvəl böyük şounun siqnalı verilib və milli musiqi alətlərimizi ifa edən musiqiçilər konsert zalını gəzərək  gecəyə “start” verildiyini elan ediblər. 

Xüsusi hazırlanmış səhnəyə əvvəlcə İtaliya, Fransa, Gürcüstan və başqa ölkələrdən gətirilmiş rəqqaslar çıxıb.  Daha sonra 46 yaşlı pop ulduz səhnəyə gəlib və rəqqaslarla şou göstərib və özəl günə “Bu sevgi” mahnısı ilə başlayıb.  Bu zaman xalq artisti göz yaşlarına sahib ola bilməyib. 

“Diva” ləqəbli ifaçı səhnədə Türkiyədə yaşayan dizayner Rüfət İsmayıl imzalı geyimlərdən istifadə edib.  Mahnılar dəyişdikcə Kazımovanın geyimlərinə də əlavə edilib. 

Aygünün geyimlərində ən çox ağ, qara və qırmızı rənglərdən istifadə olunub, hər geyimə uyğun olaraq saç aksesuarları hazırlanıb. 

Müğənni demək olar ki, bütün mahnılarını rəqs edərək səsləndirib. Bəzən isə o, rəqs edən zaman  canlı mahnı oxumaqda çətinlik çəkib. 

Konsert zamanı Aygünün bir geyimi xüsusi fərqlənib.  Transparan modelli libasda Kazımovanın sinəsi tamamilə görünüb.  

Bundan əlavə, Aygün “Yenə tək” mahnısını ifa edən zaman ikinci dəfə ağlayıb.  Onun göz yaşlarına tamaşaçılar alqışla cavab veriblər. 

Sənətçi “Bir parça keks” mahnısını ifa edən zaman ən yaddaqalan performans nümayiş etdirib.  İfaçı xüsusi dekorasiyanın köməyi ilə səhnədən havaya qalxıb, akrobatik hərəkətlər göstərməyə çalışıb. Elə pop ifaçının ən çox alqışa layiq görülən səhnəciyi də bu olub. 

Bundan əlavə, “Diva”nı Rəşad Haşımovun rəhbərlik etdiyi ansambl müşayiət edib, bek-vokalçısı “Rast” qrupu  olub. 

Elə Aygün R. Haşımovun oğlu ilə “Kölgə ol” mahnısını duet şəklində ifa edib. Kazımovanın ifa etdiyi bütün mahnılar yeni aranjımanda təqdim olunub. 

Aygün musiqili gecəni sonuncu dəfə təqdim etdiyi “Sus” mahnısı ilə bitirib. Əlbəttə, şou-biznesin ən səs-küylü layihəsi tənqidsiz ötüşməyib. Sosial şəbəkələrdə ifaçının ifa etdiyi mahnıların düzgün seçilməməsi, geyimləri, səhnənin akustikası müzakirələrə səbəb olub.  

Sənətçi konsertdən sonra media nümayəndələri ilə görüş keçirib. O, jurnalistlərin musiqili gecə ilə bağlı verdiyi sualları cavablandırıb. 

Aygün görüşdə daha bir ilkə imza atdığını vurğulayıb: “İlk dəfədir konsertdən sonra mətbuat konfransı keçirirəm. Hətta, deyərdim bu bir konsert yox, defiledir. Elə nüanslar var ki, kənardan gözəl görünürdü, ancaq çətin məqamları var idi. Soyunma-geyinmə prosesi mənim üçün çox çətin oldu. Bugünkü konsertimdə çox arzularımı həyata keçirdim. Bir neçə saniyə həyəcanım oldu. Səhnədə improvizasiyalar etdim, amma bundan sizin xəbəriniz yoxdur”.

Elvin Elxan

Nuran Məmmədov