Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı - Yenilənib

zakir-hesenov-rusiya-mudafie-naziri-ile-telefonda-danisdi
Oxunma sayı: 8659

Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə məlumat verib.

“Şənbə günü səhər Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi idarələrinin qarşılıqlı münasibətləri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”, - agentliyin həmsöhbəti deyib.

Bundan başqa, onun sözlərinə görə, Şoyqu Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

***

Azərbaycan Müdafiə Nazirliyi də Zakir Həsənovla Sergey Şoyqunun telefon danışığı barədə məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib. Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.