Zərdabda Novruz bayramı münasibətilə tədbir keçirildi - Fotolar

zerdabda-novruz-bayrami-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 538

Bu gün Zərdab şəhərindəki Həsən bəy Zərdabi parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mərdan Camalzadə rayon sakinlərini özündə milli-mənəvi dəyərlərimizin ruhunu yaşadan Novruz bayramı və müsəlman aləminin müqəddəs bayramlarından biri olan Ramazan bayramı münasibətilə təbrik edib. Bu bayram günlərində ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyib.

Qeyd olunub ki, milli bayramımız olan Novruz Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə böyük təntənə ilə qeyd edilməklə xalqımızın həyatına birdəfəlik daxil olmuş, təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi düşüb. Prezident İlham Əliyevin Novruzun gəlişi ilə bağlı hər il Azərbaycan xalqına ünvanladığı təbriklər, bayram şənliklərində şəxsən iştirak etməsi onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam və aşıq sənəti ilə yanaşı, Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, Birləşmiş Millətlər Təşkilatının Baş məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı Zərdabda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının və rayonun mədəniyyət kollektivlərinin konsert proqramı ilə davam edib, bayram tonqalı yandırılıb.