Ziya Məmmədovun oğlu ilə Robert Əyyubovun “razborka” xəbəri

ziya-memmedovun-oglu-ile-robert-eyyubovun-razborka-xeberi-
Oxunma sayı: 17998

Nəqliyyat naziri Ziya Məmmədov taksi biznesini monopoliyaya alsa da, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun bu sahəyə əl qoymasına mane ola bilməyib. “Azadlıq”a daxil olan məlumatlara görə, Bakıda fəaliyyət göstərən “Lifan” markalı taksilər Robert Əyyubova məxsusdur.

Ziya Məmmədov əvvəlcə Robert Əyyubova mane olmağa cəhd göstərib. Robert Əyyubova məxsus taksilərə lisenziya verilməsini qadağan edib. Bəylər Əyyubovun qardaşı oğlu bunu bildikdə bərk qəzəblənib və Ziya Məmmədova məxsus “Z.Q.A.N Holding”in ofisinə gedib. O, ofisdə Ziya Məmmədovun oğlu Anar Məmmədovu hədələyib. Bəzi məlumatlara görə, Robert Əyyubov hətta Anar Məmmədova fiziki zor da tətbiq edib. Nazir oğlunun mühafizəçiləri Robert Əyyubovu tanıdıqlarından müdaxilə etməyiblər. Generalın qardaşı oğlu Anar Məmmədova bildirib ki, onun taksilərinə lisenziya verilməlidir. Əks təqdirdə onun üçün pis olacaq. Bu məsələ Ziya Məmmədova çatdıqdan sonra nazir bərk narahat olub və Robert Əyyubovun taksilərinə lisenziya verilməsini tapşırıb.

Xatırladaq ki, “Azadlıq” hələ bir müddət əvvəl Robert Əyyubovla Anar Məmmədov arasındakı insidentdən yazmışdı. Lakin onda tərəflər arasında baş verənlərin kökündə nə dayanması dəqiq bəlli deyildi.