“Qafqazinfo” mediada işləyən jurnalistlər arasında 2014-cü ildə iş prosesində başlarına gələn maraqlı hadisələrlə bağlı sorğu keçirib. Sorğuda iştirak edən bir neçə həmkarımızın yaşadığı maraqlı məqamları oxucularımıza təqdim edirik:
“Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı huşsuz olduğunu bildirir və buna görə də dəfələrlə kuryoz hallarla üzləşdiyini vurğulayır: “Şəhərdə əksər küçələri, tədbir keçirilən məkanları yaxşı tanıyıram, amma yenə də gülməli vəziyyətlərə düşürəm. Bu yaxınlarda “Bakı 2015” oyunları ilə bağlı saziş imzalanmalı idi. Təşkilatçı tərəf də mənə 3 gün əvvəldən dəvət göndərib, özü də bütün mümkün variantda – kağızda dəvətnamə, email poçtuma məktub, telefonuma SMS. Tədbirdən bir gün əvvəl də zəng edib xatırladıblar. Deyilən vaxtda “Four Seasons” otelinə getdim, qalxdım zala, amma heç kim yox idi. Administrator deyir ki, bizdə belə tədbir yoxdur. Mən də deyirəm “Ola bilməz, siz bilmirsiz”. Başlamışam telefonda poçtumdakı dəvəti açıb onlara göstərirəm ki, “necə yəni yoxdur, bu gün “Fairmont” oteldə təqdimatdır, baxın”. Ordakı işçilər də xorla deyirlər ki, “Xanım, axı bura Fairmont deyil”. Elə o vaxtdan bu iki fərqli oteli necə səhv saldığımın sirrini tapa bilmirəm”.
“Azadinform” agentliyinin müxbiri Fidan Əliyeva isə götürdüyü müsahibəni bilməyərəkdən silib və buna görə də çətin vəziyyətdə qalıb: “Günel Həmidova adlı bir aktrisadan müsahibə götürürdüm. 1 həftə xanımla danışıram ki, əla müsahibə olacaq, onun haqqında bilgilər alıram. Beləliklə, aktrisa ilə iki saat müsahibəm oldu. Axşam evə gəldim və başladım ki, müsahibəni yazam. Müsahibə sabah saytda çıxmalı idi. Əlim dəydi və müsahibə silindi. Amma diqqətlə dinləmişdim deyə, müsahibəni özümdən yazdım. Müsahibimin heç bunun fərqinə də varmadı”.
“Azvision.az” saytının müxbiri Hafiz Əhmədov isə Bakı merinin intihar xəbərini yazmaq istəsə də, alınmayıb : “Bir dəfə Hacıbala Abutalıbovun intihar xəbəri yayılmışdı. Mən də özünə zəng vurdum, soruşacaqdım ki intihar edibsiniz, ya yox? Telefonu bir qadın açdı və mən də ondan soruşdum. Sonra isə həmin qadın məni şikayət etdi”.
“Modern.az” saytının müxbiri Aqşin Kərimov isə 2014- cü ildə iş prosesində maraqlı hadisə ilə qarşılaşmasa da, ötən il başına gələn bir hadisəni bizə danışdı: “Deməli, 2013-cü ilin yay ayları idi. Milli Şuranın siyasi səhnəyə atıldığı və ölkə gündəmində aparıcı mövzu olan vaxtları idi. Qurumun sessiyalarının birində təşkilatın bir neçə komissiyası yaranmışdı, biri də Qarabağ komissiyası idi. Məsələ ilə bağlı QAT sədri Akif Nağıdan münasibət öyrənmək istəyirdim. Telefonumun adlar bölməsində isə Akif Nağı ilə Akif Aşırlının nömrəsi yanaşı idi. Mən də səhvən Akif Aşırlıya zəng etmişəm. Sualı da verdim, hətta dedim QAT sədri kimi Qarabağ komissiyasının yaradılmasını necə dəyərləndirirsiniz? Akif Aşırlı da başladı danışmağa, amma səsi nədənsə mənə heç Akif Nağının səsi təəssüratını bağışlamadı. Deməli, birinci sualla bağlı 5 dəqiqə danışdı. İkinci sualı belə verdim ki, QAT sədri olaraq Milli Şuranın Qarabağ komissiyası ilə əməkdaşlıq etmək fikrindəsinizmi? Akif Aşırlı da elə bil birdən ayıldı. Dedi "sən kimə zəng etmisən?" Artıq səhvən başqa yerə düşdüyümün fərqinə vardım. Dedi ki, bayaqdan danışıram öz vaxtını da aldın, mənim də. Nə isə gülüşdük, sağollaşdıq dedim eybi yox, siz danışanı da ayrıca xəbər kimi verərəm. Amma Akif Aşırlının danışdıqlarını vermədim”.
“Modern. az” saytının digər müxbiri Məltəm Talıbzadənin isə bu il başına gələn maraqlı hadisə ilə üzləşib. Məltəm hərəkətlərində və danışığında həddindən artıq tələskən biri olduğunu qeyd edir: “Əksər vaxt tədbirlərlə işləyirəm və nəyisə qaçırmaq istəmirəm. Məqsədim odur ki, məlumat ilk bizim saytda getsin. Bu, əksər vaxt jurnalist üçün yaxşıdır. Yəni tədbirlərdə daha tez yazıb, xəbəri ötürürsən. Amma bəzən tələsərkən, elə el dili ilə desək “Təndirə düşürsən”. Heç vaxt yadımdan çıxmaz, hələ də redaktora baxanda utanıram. TQDK-nın mətbuat konfransında Məleykə Abbaszadə “Bakı 2015” Avropa Oyunlar ilə əlaqədər olaraq dərslərin bitməsi və buraxılış imtahanlarının vaxtı ilə bağlı məlumatlar verirdi. Mən facebookda redaktora Məleykə xanım dedikcə yazıb xəbəri ötürürdüm. Məleykə xanım qeyd etdi ki, buraxılış imtahanlarının vaxtı dəyişəcək. Bacım da abituriyent olduğu üçün elə ağlımda onu tutub yazmışam ki, qəbul imtahanların vaxtı dəyişir. Bizim sayt da onu manşetə çıxarmışdı. Yəni düşünürdüm ki , o elə deyib və hamı yəqin ki elə yazıb. Təkrar özümə sual verdim və tez səhvimi düzəltdim, amma əlbəttə ki, gec idi və redaktordan “Diqqətli ol” sözü mənə bir az ağır təsir etdi. Artq tədbirlərdə daha diqqətli oluram”.
“Report.az” informasiya agentliyinin müxbiri Samirə Abdullayeva isə iş yerini dəyişdikdən sonra Milli Məclisdə maraqlı hadisə ilə üzləşib: “Parlamentin plenar iclasında iştirak etmək üçün Milli Məclisə getdim. Elə bildim ki, siyahıda adım var. Qapının yanındakı girişdən keçərkən nəzarətçi məni Samirə Allahverdiyeva bilib adımın qarşısına işarə qoydu. İkinci dəfə yoxlanışdan keçərkən adımın siyahıda olmadığı aydınlaşdı. Mən də israrla onlardan siyahıya yaxşı baxmalarını tələb edirdim. Məlum oldu ki, aşağıda adıma səhv baxıblar”.
Sonda isə öz başıma gələn maraqlı hadisəni oxucularımızla paylaşmaq istəyirəm. Bir dəfə redaksiyanın elektron poçtuna Gədəbəydən olan bir iş adamı şikayət məktubu göndərmişdi. Məktubda göstərilən faktlar kifayət qədər ciddi idi. Yazıda icra başçısının da qanunsuzluqda adı hallanırdı. Mən də məsələ ilə bağlı rayonun icra başçısına zəng vurmalıydım. Gədəbəyin icra başçısı əvəzinə, Daşkəsənin icra başçısı, eks-deputat Əhəd Abıyevə zəng etdim. Şikayət edilən məqamları onun diqqətinə çatdırdım. Sonra isə Əhəd bəy məndən iş adamının və obyektin yerləşdiyi ərazinin adını təkrar soruşdu və mən də cavab verdim. O anda mənə Ə. Abıyev mənə dedi ki, bunun ona nə aidiyyatı var? Bir az təəccübləndim. Çünki faktlar ciddi idi. Sonra isə mənə Daşkəsənin icra başçısı olduğunu xatırlatdı”.
Günel Türksoy