Bu gün Kambocada Kişilər Günüdür. Daha doğrusu rəsmi təqvimə salınmasa da, xalqın folklorundan gələn ənənədir. Adətə görə kişi uzaqlara gedib çiçək dərməli və həyat yoldaşının başına türbənd hörməlidir. Corab yox a, türbənd. Buna çələng də deyilir. Kimin çələngi çiçəklərlə zəngin olsaymış, ona çoxlu banan verərmişlər. Dünən Bakıda da bir kişinin ayağı içindəki ibtidai icma quruluşunu yaşadan və sivil həyata üsyan edən bir gəncin yerə atdığı banan qabığına dəyərək sürüşüb, kəllə-beyin travması alıb. Yeri deyil, hər halda yadıma düşdü.
Yadıma Kambocadakı bayramla bağlı başqa məsələ də düşdü. Neçə gün bundan əvvəl bir qadın ərini pisləyirdi. Sözünün əvvəli-axırı da o idi ki, əri düşükdür. Düşüklüyə səbəb nə imiş? Kişi qadının ad günündə gecə 4-dən oyanıb (özü də necə sevinc və həyacanla oyanıb), maşını işə salıb və üz tutub Ağcabədiyə. Orada sübh tezdən lalə güllərindən dərib. Lalə tez solduğundan maksimim sürətlə, bütün təhlükələrı düşünmədən Bakıya sürüb. Həyat yoldaşı hələ yuxudan oyanmamış lalələri ona uzadıb. Və bu yerdə gözünüzü yumun. Kişinin necə təngnəfəs olmasını, Şeksprin “Romeo və Cülyetta”sından tutmuş bütün əsərləri yada salmasını, romantik fransız filmlərini içində yaşamasını nəzərə alın.
Qadın oyanıb. Kişi pıçıldayıb:
- Özümü vaxtında çatdırdım.
-Bunlar nədir?
-Lalə gülü.
-Hardan gətirmisən?
-Gecə 4-dən çıxıb Ağcabədiyə sürdüm. Və dərdim. Ad günün mübarək.
-Deyəsən, bekarçılıqdır e.
O anda əminəm ki, kişinin ürəyinin bir teli qırılıb. Məhz o anda kişi eşitmək istədiyini eşitmədi. Dünyanın ən ağrılı dəqiqələrinə - yaxınlarının ölüm-itiminə, işdəki əsəbiliyə, ictimai nəqliyyatda qışqırığa, kiminsə qoltuqaltı vurmamasına görə kəskin iyə, it dişləməsinə, canavarlarla əhatə olunmasına, hər şeyə dözər, ürəyinin bir teli də qırılmazdı.
Amma həyat yoldaşının ad günündə təqdim etdiyi gözəllik nümunəsinin belə qarşılanacağına dözə bilmədi. Qırıldı o tel. Və bundan sonra qadın haray-həşir salmasın ki, kişi ona diqqət yetirmir, evə gec gəlir, çayxanada dostları ilə domino çırpmaqdan gecə 12-də ayılır, dünən spirtli içki qəbul etməyən indi edir, pencəyində qadın tükü gəzir, dünənə qədər odekolon vurmayan əri hər gün ətirlənir, gecələr kompüterin qarşısında qurdalanır, hamama telefonla girir, haradasa boğmalanır, üzündən zəhrimar yağır. Və bunları görən qadın günlərin birində ərizə yazıb boşanır. Lakin xatırlaya bilmir ki, həmin ad günündə hələ şehi üstündən getməyən lalələri bir kənara tullamışdı.
Kişinin günahı onda idi ki, arvadının (bu yerdə həyat yoldaşı yazmıram, çünki kişilər məndən inciyər: kişi həmrəyliyi deyilən bir anlayış var axı) daxili dünyasının necə kasad, zərərli vüruslardan ibarət olduğunu, hələ insani duyğularla formalaşmadığını, bir mağara düşüncəsi ilə yaşadığını bilməyib. Nəzərə almayıb ki, arvadı hələ oralardadır – ibtidai icma quruluşunda ərinin mamont ovundan gəlməsini gözləyir ki, mədəsini doldursun. Mən əminəm ki, o qadın Qobustanda qayaüstü rəsmləri çəkən romantik oğlana raqatkadan daş atıb sataşıb deyirmiş ki, “bekarçılıqdır e”. Bir nəfərin dediyi kimi əri Ağcabədidən 2 kilo motal pendiri alsaydı ondan yaxşı idi. Və faciə burasındadır ki, qadının motal pendirli dünyası qızlarını da sirayətləndirəcək, tərbiyəni anadan alan qızın hesabına gələcək nəsil motal pendirli övladlar dünyaya gətirəcək və beləcə öz dünyaları ilə yaşayacaqlar. Axı, qız evində romantik əhval görməyən övlad bunu gələcək həyat yoldaşına necə bəxş etsin.
İndi cəmiyyətdə ərindən razılıq edən tək-tük qadın var. Hər yerdə danışıb şikayətlənirlər. Razı qalanlar da şikayətlənir, qorxurlar ki, belə neqativlərin onların sevgilərinə gözü dəyər. Lakin bir adam soruşmur ki, bəlkə nəyisə yadına salasan? O günü ki anasını evə buraxmadın, ölən atasının gorunu söydün, evə gələn yaxınlarının çantalarına baxdın ki, görəsən gedəndə buradan nə aparır, doğmalarının dəfninə getmədin, sifət göstərdin, həyatının kişisi işdən gələndə divanda uzanıb seriala baxdın, qarşısına bir stəkan çay qoymadın və nəhayət şehli lalələrin necə həyati təhlükə hesabına dərildiyini duymayıb zibil qutusuna atdın. Bax şikayətlənəndə, həmin gündə dediyini də xatırla: “Deyəsən, bekarçılıqdır e”.
Yeri gəlmişkən, bu ilin 6 ayının statistikasına əsasən Azərbaycanda 6 mindən çox boşanma halı qeydə alınıb.