Həkimə “qatil” demək olarmı? -

hekime-qatil-demek-olarmi-
Oxunma sayı: 1052


Təsadüfən, sosial şəbəkədə A. A adlı (həkimin həqiqəti üçün problemi olmasın deyə ad, soyadını qeyd etmirəm) uşaq həkiminin statusunu oxudum. Pediatr belə qənaətdədir: “ Azərbaycanda uşaqlara 3 ən çox rast gəlinən səhv diaqnoz qoyulur. Timus, hipoksiya (oksigen çatışmazlığı), nevroloji uşaq. Təcrübəmdə həmin uşaqlar müayinə edildikdə 99%-i sağlam çıxır. O qədər yalnış kurs müalicə edilirlər ki...” 

Fikirlər təəccüb yaradır, çünki bu zamanda nadir həkimin tənqidi ilə qarşılaşırıq. Həkimlərin çoxu tənqid eşitməkdən qaçır, xəstə şikayət edəndə tələsik qarşı tərəfə xox gəlməyə alışıqdırlar. Özünü təmizə çıxarmaq kimi şansı qiymətləndirmək belə istəmirlər.

Hər birimizin canında potensial qatilin gizləndiyini bilirik. Sadəcə bu susmuş qatilin oyanması üçün zəmin, şərait lazımdı və Allah heç kimi belə vəziyyətə düşürməsin! Biri var ağılsız başla (affekt hal) qatilə çevrilmək, buna hüquqi dildə “ehtiyyatsızlıqdan ölümə səbəb olmaq” deyirlər. Bir də var, qarşında yarıcan insan var, əlində imkanların olduğu halda onu əzrayılın əlindən qurtarmırsan. 

Çoxu Çin xalqı kimi düşünür. Axı Çində suda boğulana yardım etmək qadağandır, çünki bu insanın taleyidir, ölməlidirsə, öləcək. Etiraf edək ki, çox həkim “Tibb 100% təminat vermir” proqnozunu sevir. Ağır xəstəlik zamanı ola bilər, amma sadə cərrahi əməliyyat üçün bu fikir deyilə bilməz. Tibb elmi riyazi elmlər kimi dəqiqliyi sevir. Belə olmasaydı hamımız oxumamış həkim olardıq. Cərrah da əməliyyata girəni nə gözlədiyini riyazi misal kimi əzbər bilir. 

Bu yerdə bir məqamı xatırladım. Dünyada “malpraktis” deyilən termin var. Misal üçün, qonşu Türkiyə praktikasına müraciət edək. Mütəxəsis həkim Gülsüm Önalın “Sağlamlığın tətbiqində malpraktis” ( orijinalda “Sağlıq uygulamalarında malpraktis”) adlı kiçik kitabçasında malpraktisə belə izah verilir: “Malpraktis- savadsızlıq, təcrübəsizlik, səhlənkarlıq ucbatından tibb işçilərinin xəstə üzərindəki xətasıdır.” Sözsüz, Türkiyədə həkim və xəstə haqları eyni səviyyədə qorunur. Elə hər il dünyada yüzlərlə tibb işçisi xəstəyə səhlənkar, məsuliyyətsiz yanaşdığından müvafiq məsuliyyətə cəlb olunur və ya əksinə həkimin təqsirli olduğunu iddia edən tərəf böyük təzminat ödəyir. Ədalət işləyir. Amma bizdə “cəzalanan həkim” və “cəzalandıran hakim” ifadələrindən söz açmaqdan belə ağır bəla kimi qorxurlar. “Malpraktis” barəsində cızma–qara edən həkim tapa bilməzsiz. Maraqlısı ondadır ki, bu günə qədər bir həkimimizin cəsarəti çatmayıb ki, çıxıb həmkarını tənqid etsin, işindəki nöqsanları aşkarcasına ortaya qoysun. Bu həkimlərin həmrəyliyi ya həmkarlarına hörmətidirmi? Xeyr. Əsla. Bu ya böyük həkimlərdən balacaların qorxusu, ya da bəzi iradəsiz həkimlərin öz işindəki paxırların da ortaya tökülməsi xofudu. Tənqidsizlikdən, yaxşı, mütəxisis həkimlərimizin naşıları ifşasızlığındandır ki, hər il onlarla qadın analığı dadmadan ölür, valideynlər övladları ilə halallaşmadan o dünyaya köçür. “Qisməti beləydi”, “onunku bura qədərdi” ... Təsəllilər...

***

İndi isə ümumilikdən xüsusiyə keçirəm. Və bunu ona görə edirəm ki, deyəsən jurnalist sıralarından kəm düşən mərhum Rasim Əliyevin ölümünü yavaş-yavaş unuduruq. Rasimin həkimi professor Saday Əliyevi xatırlatmaq istəyirəm. Döyülən Rasim özü ayağı ilə xəstəxanaya gəlmişdi. Həmin Saday həkimin məsuliyyətsizliyi o idi ki, xəstənin orqanlarını yaxşı müayinə etməmişdi və geçikmiş əməliyyatın da nəticəsi ailə faciəsinə döndü. Bu çox sadə məqamı bilmək üçün hüquqşünas və ya həkim olmaq da gərəkli deyil. Rasimin ölümündə döydürənlər, döyənlər qədər, tibbi yardım göstərənlər də təqsirlidirlər. Özü də həkim dəfələrlə xəstələrin şikayətlindiyi Saday Əliyevdirsə. O, cərrah ki, təxminən üç il əvvəl görkəmli TV və kino rejissorumuz Tariyel Vəliyevi əməliyyat edəndən sonra xəstə yaxınlarına belə demişdi: “Bu sağdı hələ? Axı səhərə salamat çıxmamalıydı”. Rejissorun ölümünə şərait yaradan və xəstə şikayətlərinə məhəl qoymayan həkimin işinin araşdırılması o vaxt da ertələnmişdi və unutdurulmuşdu. Məgər professorun səhvi ola bilməzmi? Kiçik araşdırmadan məlum olur ki, Saday Əliyevdən şikayət edən böyük xəstə qrupu var. Bu cərrah xəstələrini tam müayinə etməmiş əməliyyata salır. Xəstələrinin vəziyyəti ağırlaşanda isə yaxınlarına iltizam yazdırır, həkimdən şikayət olmadığı haqqında. Həkimin işini icra tərzi barədə hörmətli Səhiyyə Nazirliyi də bilir. Saday həkim kimi şikayəti bol olan həkimləri həmişə işi başında tapmaq asandır. Görəsən, bu vicdanlı həkimləri niyə narahat etmir axı?

“Qafqazinfo”