Neftin şapalağı

neftin-sapalagi
Oxunma sayı: 1869

Raminə Eyvazqızı

Neftçilərin sonuncu faciəsi hesabına yerli telekanallar dənizlə bağlı yenə bütün əcnəbi, yerli filmləri göstərdilər. Baxanı baxdı, baxmayanı deyindi. Nümayiş olunan filmlərin çoxunda adamda da dənizə nifrət yaranır.

Misal üçün, "Dayazlıq" adlı bir əcnəbi filmdə klassik mövzu olan akula (köpəkbalığı) və qurbanlarından bəhs olunur. Filmdə yaşamaq uğrunda köpəkbalığı ilə mübarizədə qalib gələn qızın cəsurluğu göstərilir. Evdə filmə baxan uşaqlar növbə ilə qəfildən soruşurlar ki, neftçiləri akula yeyə bilərmi? "Xəzərdə akula varmı?". Uşaq dünyasında mümkün olmayan heç nə yoxdur axı. Onlara elə gəlir ki, hər zaman möcüzə ilə salamat qalmaq olar. Onlar elə bilirlər ki, köpəkbalığı yalnız suda olur. Durub desəm ki, quruda da "akula" olur, həmin "akulalar" ilə bacaran da yoxdur. Sadəlövh uşaq əminəm ki, qayıdacaq ki, onda akula suda-quruda yaşayanlara aiddir.

Bəzən uşaq sualları, böyüklərin suallarından o qədər məntiqli, ağlabatan olur ki, adam işini atıb bu barədə başı çatlayana qədər düşünmək istəyir. Ona görə yox ki, yenə ağlıma dənizdə batmış neftçilər gəldi, onların da akulaya yem ola biləcəyini düşündüm. Heç Xəzərdə köpəkbalığı var ki...

Mahnılar qoşulan, sahilinin təmirinə milyonlar tökülüb abıra salınan Xəzərin sonuncu dəfə nə zaman tədqiq olunduğunu belə bilmirik. Orada hazırda heyvanlar aləmi nə durumdadır? Yəni, bu gün suyun altında çəkiliş aparacaq qədər imkanlarımız yoxdur, çox kasıbıq. Bu aralar heç bunun əhəmiyyəti də yoxdur. Gündəm o qədər tez -tez dəyişir ki, artıq gözüyaşlı neftçi ailələrinin, meyitlərin tapılması xəbərləri arxa plana keçir. Səriştəsizlər bayram əhvalındadırlar. "Təqsir topu"nu bir -birinə pas atmaq da lazım gəlməyəcək. Yenə unutdurmaq maşını işləyəcək. Artıq təzə xəbər gözləyənlərin ümidi yuxulamağa başlayıb. Allah bilir, bir də nə vaxt ayılacaq.

Neftlə üzü ağarmışlar, yenə faciənin səbəbi üçün dəbli donlar biçdilər, tikdilər, geyindirdilər. Hamı "meyitlərdən nə xəbər var" soruşurdu. Sürətlə dəyişən xəbərlər içində bu suallar da azalır artıq. Amma neft xəbərləri neftçi xəbəri qədər qiymətdən düşməyəcək. Biz ötən əsrdə neftdən kam alıb papağımızı göyə elə atmışdıq ki, o papaq hələ də qayıtmayıb. Bu əsrdə neftin şapalağını yeməyə alışmışıq. Şapalağı yenənlərlə, üzü ağaranlar heç vaxt bir stol başında otura bilməzlər. İndi də gedin, yeni il şənliklərinə təzə paltar alın, atəşfəşanlığa baxmaq üçün özünüzə yer seçin! Gecəsi 150-400 manatlıq şənlik biletini ala bilmirsənsə də, deyinə-deyinə, onu -bunu acılaya-acılaya yaşamağa davam et!

Haşiyə. Olmuş hadisədir. Bir gənc dostunun nənəsini çox istədiyindən onun doğum gününü xəbər tutub hədiyyə almaq fikrinə düşüb. Nə alacağı barədə fikirləşib, sonra qərara gəlib ki, dindar nənəyə "Bismillah" və "Əlhəmdüllah" sözlərini "deyən" fincan alsın. Nənə hədiyyəsini bəyənib və fincanı heyranlıqla baş ucuna qoyub. Nəvə deyib ki, ay nənə, fincanı düzəldiblər e. Nənə qayıdıb ki, "kiri, ağzın əyilər".

Çoxumuz o nənə kimi hər şeyi bilirik, amma yalnış bilirik!