“Bu, işgəncədir”

bu-isgencedir
Oxunma sayı: 665

Son zamanlar Bakı şəhərində taksi xidmət ilə məşğul olan və əsasən əhalinin aztəminatlı hissəsinə aid edilən insanlara qarşı bürokratik problemlər yaradılmaqdadır. Şəhərdə Rusiya istehsalı olan avtomobillərlə taksi xidməti göstərən insanlara qarşı qadağalar sərtləşdirilib. Bu da paytaxtda taksi xidməti göstərərək minlərlə ailənin dolanışıq yerinin qapadılmasına və əhalinin kütləvi narazılığına səbəb olub. Yaranmış problem Ümid Partiyasının Rəyasət Heyətinin bu gün keçirilmiş toplantısında müzakirə edilib.

Müzakirələr barədə “Qafqazinfo”ya məlumat verən partiyanın iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli bildirdi ki, mövcud vəziyyət ətraflı müzakirə edilib. Partiyanın ali orqanında mövcud vəziyyət geniş müzakirə edildi. «Əvvəlcə tətbiq edilən inzibati qaydaların detalları barədə iqtisadi siyasət komissiyasının arayışı dinlənildi. Yeni qaydaların kifayət qədər sərt olduğu qənaətinə gəlindi. Qaydalarda ümumiyyətlə Rusiya istehsalı olan şəxsi avtomobillərlə taksi xidmətinin göstərilməsinin qadağan edilməsi sosial vəziyyəti ağır olan onminlərlə insana qarşı böyük ədalətsizlikdir. Bu qaydalara yenidən baxılmalıdır. Bu onminlərlə insana qarşı işgəncədir İstismar imkanları mövcud orta şərtlərə cavab verən avtomobillərlə taksi xidmətinin göstərilməsinə icazə verilməlidir. Hesab edirik ki, vətəndaşlara taksi xidmətinin gösətirləmsiylə əlaqədar olaraq verilən lisenziyanın şərtləri yumşaldılmalıdır. Bundan başqa lisenziyaların verilməsi üçün dövlət rüsumundan başqa tələb edilən rüşvətlə bağlı əlaqədar qurumlar sərt tədbirlər görməlidir» deyə Razi Abasbəyli əlavə etdi.

Dedi ki, taksi xidməti ilə bağlı tətbiq edilən rəng məhdudiyyəti də aradan qaldırılmalıdır. «Elə avtomobillər var ki, Rusiya istehsalı deyil, həmçinin də onların istismar müddəti çox azdır, amma rənglə bağlı məhdudiyyətlər tətbiq edilir. Həmçinin, də elə Rusiya istehsalı olan avtomobillər var ki, 5 ildən çox istismar edilsə də, heç bir texniki çatışmazlığı yoxdur. Məhz bu məqamlara diqqət yetirməli olan hökumət ucdantutma yalnız bu xidməti göstərməklə ailəsini dolandıran insanlara qarşı amansız qaydalar tətbiq edir. Məhz bu məqamlarla bağlı biz hökumətə konkret təkliflər də ünvanlamağı düşünürük. Artıq partiyamızın sədri, millət vəkili İqbal Ağazadəyə xeyli sayda insan müraciət edərək problemin hökumət qarşısında qaldırılmasını istəyiblər. Bu məsələ yüzlərlə taksi sürücüsünün də iştirakı ilə partiyamızda müzakirə ediləcək. Yaranmış problemlə bağlı olaraq dinləmələrdən sonra təkliflərimizi konkretləşdirib hökumətə təqdim edəcəyik”.