Bəxtiyar Hacıyev Ketrin Eştona məktub yazdı

bextiyar-haciyev-ketrin-estona-mektub-yazdi
Oxunma sayı: 641

“Media forum” saytının məlumatına görə, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə göndərilmiş məktubda deyilir: “Avropa İttifaqının enerji və təhlükəsizlik məsələləri üçün həm regionda, həm də ölkəmizdə sabitliyin tərəfdarı olduğunu təqdir edirəm. Lakin bu sabitlik heç bir halda təməl insan hüquqlarının boğulması bahasına qorunmamalıdır.

“Ərəb baharı” prosesi göstərdi ki, uzun illər demokratik islahatlar sabitlik bəhanəsi ilə gecikdiriləndə, insanların ifadə və toplaşmaq azadlıqları məhdudlaşdırılanda, eşidilməyən səslər zamanla qəzəbə çevrilir, sosial partlayış baş verir və qeyri-müəyyənlik yaranır. Belə ölkələrdəki sabitlik çox həssas və psevdosabitlikdir. Həm Avropa İttifaqı, həm də Azərbaycan xalqının qorumağa çalışdığı bir sabitlik varsa, bu da demokratiyanın sabitliyi olmalıdır.

İnanıram ki, Azərbaycan rəhbərliyi ilə görüşləriniz zamanı demokratik və iqtisadi islahatlara, vətəndaşlarımızın ifadə və toplaşmaq azadlıqlarının qorunmasına daha açıq çağırışlar edəcəksiniz. Eyni zamanda inanıram ki, Azərbaycan xalqının demokratik arzularına çatması üçün vətəndaş cəmiyyəti ilə sıx işləyəcəksiniz”.

Bəxtiyar Hacıyev ABŞ-ın Harvard Universitetinin məzunudur. 2010-cu ilin parlament seçkisində 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olub.

Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən Bəxtiyar Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır.