Mafiya tutuldu - Kriminal xəbərlər

mafiya-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 686

Oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə İsgəndərovanın mənzilinə açıq qapıdan daxil olaraq ağzını və əllərini yapışqan lentlə bağlayaraq onu döymüş, bıçaqla hədələyərək evdən 50 min manat götürmüşlər. Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulmuşlar.

Oktyabrın 16-da Qızıldaş qəsəbəsində Cabil Əliyev qardaşı arvadı Xədicə Əliyevaya bıçaqla xəsarət yetirdiyinə görə Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Oktyabrın 16-da İ.Məmmədov küçəsində Şirvan şəhər sakini Mürsəl Məmişov Bakı şəhər sakini Seylan Mehdiyevanın qızıl boyunbağısını qırıb qaçdığı üçün DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq Nizami RPİ 24-cü PB-yə təhvil verilmişdir.

Oktyabrın 16-da Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Viktoriya Klotyar Lətafət Namazovanın qızıl boyunbağısını oğurladığı üçün DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq Nizami RPİ 24-cü PB-yə təhvil verilmişdir.

Oktyabrın 14-də Səlyan şossesində yaşayan Rubi Əsədovanın evindən qapını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlanmışdır. Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kənan Nuriyev oktyabrın 16-da tutulmuşdur.

Oktyabrın 15-nə keçən gecə Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan Qafqaz Fərgüzadova məxsus «Qazel» markalı avtomobil evinin qarşısından qaçırılmış və oktyabrın 16-da saat 01:30 radələrində Babək prospektində saz vəziyyətdə tapılmışdır. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini Hüseyn Məmmədov oktyabrın 16-da tutulmuşdur.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsaday Seyidov oktyabrın 16-da yaxalanmışdır.

Oktyabrın 15-də Səlyan rayon sakini əvvəllər məhkum olunmuş Hidayət Əliyev M.Qaşqay küçəsində yerləşən Etibar Məmmədova məxsus mağazanın kassasından 400 manat götürüb qaçarkən Nəsimi RPİ CAŞ, PPXB və 21-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

Nizami RPİ 23-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı Kamran Arayeşkar, Bakı şəhər sakinləri Nahid Əlizadə və Qabil Abbasov oktyabrın 15-də tutulmuşlar. Məlum olmuşdur ki, onlar sentyabrın 30-da Sabir küçəsində Bakı şəhər sakini Lyudmila Bayramovanın içərisində 150 manat və mobil telefon olan əl çantasını, oktyabrın 11-də isə Keşlə qəsəbəsi M.H.Kazımov küçəsində qəsəbə sakini Səbinə Ovçuyevanın içərisində müxtəlif əşyalar olan əl çantasını əlindən alaraq qaçmışlar.