“Cərimələr kifayət qədər yüksəkdir”

cerimeler-kifayet-qeder-yuksekdir
Oxunma sayı: 652

Bunu “Qafqazinfo”ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “Qrantlar haqqında” Qanuna tətbiq edilən dəyişikliklərə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bu məsələ Milli Məclisdə müzakirə edilib, səsə qoyulub və qəbul edilib. Prezident imzaladıqdan sonra dəyişikliklər qüvvəyə minəcək.

Ə. Nuriyev bildirib ki, cərimlərin miqdarının nə üçün artırılması qanunda izah olunmayıb: “Həmçinin ianələrin tətbiqi ilə bağlı anlayışlarda da problem var. Onsuz da intizamlı QHT-ları gəlirləri barədə hesabatlarını açıqlayırlar. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Sanksiyalar tətbiq edilərkən dünya təcrübəsi də öyrənilir. Amma Azərbaycanda hər hansı qanuna sanksiyalar tətbiq edilərkən bazar iqtisadiyyatı, gəlirlər məsələsini nəzərə almaq lazımdır”.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunavə “Qrantlar haqqında” qanuna dəyişikliklər etmək niyyətinə toxunulur: “Təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə Ədliyyə Nazirliyinə təqdim olunmadığı halda vəzifəli şəxslərin 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərin isə 5 min manatdan 7 min manata qədər cərimə olunması nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əlavələrdə qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək miqdarda cərimə olunsun.

Günel