Döyməyə görə tutulanlar buraxılacaq

doymeye-gore-tutulanlar-buraxilacaq
Oxunma sayı: 646

İyunun 29-da qəbul olunmuş həmin qanunla Cinayət Məcəlləsinin 132-ci maddəsi İnzibati Xətalar Məcəlləsinə keçirilib. “Döymə” adlı 132-ci maddə altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu.

“Media forum” saytı bildirir ki, 2012-ci il sentyabrın 1-dən qüvvəyə minəcək 29 iyun qanununa görə, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunmuş şəxslər cəzadan azad olunurlar. Onlar, habelə qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunaraq cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

Cəza çəkməkdən azad edilmə, cəzanın azaldılması, cinayət törətmiş şəxsin vəziyyətinin başqa cür yaxşılaşdırılması məsələlərinə cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı, ya da məhkumun ərizəsi əsasında hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə baxır.

Qanunun tətbiqi barədə prezident sərəncamına görə, Ədliyyə Nazirliyi 2012-ci il sentyabrın 1-dən təqdimatların verilməsini təmin etməlidir.

2012-ci il sentyabrın 1-dən 132-ci maddə ilə məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam veriləcək və ya cinayət təqibinin başlanmasından imtina ediləcək və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılacaq.