“İrəvandakı hansı ...yanın oturması Rusiya üçün çox da vacib deyil” - Şahin Cəfərli

irevandaki-hansi-yanin-oturmasi-rusiya-ucun-cox-da-vacib-deyil
Oxunma sayı: 2391

“Rusiya təbii ki, Ermənistan hökumətini etirazları zorakılıqla yatırmağa vadar edə bilərdi, amma Moskva hadisələrin əvvəlindən bəri bu yolu seçmədi və Sarkisyanın istefasına əngəl olmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Suriyada Ermənistanda Nikol Paşinyanın baş nazir seçilməsini şərh edərkən bildirib:

“Yəqin ki, Moskva baş nazirin birinci müavini Karapetyana gərəyindən çox güvəndi. Çünki məlum oldu ki, Karapetyan ölkədə xüsusi güc və nüfuz sahibi deyil. Bu kart da Moskvanın əlindən çıxdıqdan sonra Paşinyanın önündə ciddi əngəl qalmadı. Çünki qısa müddətdə hakim partiyanın içindən durumu toparlayacaq güclü bir lider tapıb çıxarmaq mümkün deyildi.

Digər tərəfdən, düşünürəm ki, Moskva Ermənistanda nüfuzunun məhv olmasından da ehtiyatlanaraq erməni xalqının iradəsinə qarşı açıq çıxış etməkdən çəkindi. Məhz bu amil inqilabın qansız-qaydasız gerçəkləşməsində mühüm rol oynadı. Paşinyanın Rusiyaya isti mesajlar ünvanlaması, Rusiya ilə müttəfiqliyi davam edəcəyini dəfələrlə bəyan etməsinin də burada rolu oldu. Moskva düşündü ki, əgər Ermənistanın xarici siyasətində hər hansı dəyişiklik olmayacaqsa, onda Paşinyana şans vermək olar. Amma Paşinyan Rusiyanın maraqlarına zidd addımlar atmağa başlasa, Moskvanın imkanı var ki, müxtəlif yollarla ona əngəl törətsin və onu cəzalandırsın”.

Politoloq sözlərinə əlavə edib ki, Rusiyanı (eləcə də Amerikanı) hər şeyə qadir sehrbaz qismində görmək doğru deyil:

“Onların da bəzi məqamlarda nəyəsə gücləri çatmır, vəziyyətlə barışmalı olurlar. Rusiya məncə Ukrayna hadisələrindən bəzi dərslər çıxarıb və xalq arasında dayaqları sarsılmış, hörmətdən düşmüş lideri müdafiə etməyin lazımi effekt vermədiyini başa düşüb. Həm də, Paşinyan Rusiyanın adamı olmasa da, Rusiyanın düşməni də deyil. Ona görə Moskva yəqin düşündü ki, “qoy gəlsin işləməyə başlasın, sonra baxarıq”. Ermənistanın siyasətində hər hansı dəyişiklik olmayacaqsa, Rusiya üçün çox da vacib deyil ki, İrəvandakı hökumət binasında hansı ....yan oturub”.