Mən qalib olmamalı idim

men-qalib-olmamali-idim
Oxunma sayı: 2861

Nərmin Dadaşova

Son zəngi uzada-uzada gətirib iyunun ortasına çıxardıq. Əvvəllər mayın 25-i oldumu, atırdıq kitab-dəftərin daşını. Başlanardı gözəlim yay tətilimiz. Kürdəmirin mərkəzində, əlli dərəcə istidə, dincəl ki dincələsən. Bəh!

Az öncə “Qafqazinfo”da son zənglə bağlı hazırlanmış fotoreportajdakı gəncləri gözüyaşlı, boynubükük görüb bu yazını yazmaq qərarına gəldim. Bir növ motivasiyamı deyim, təsəllimi deyim, könül almaqmı deyim yazının yazılmaq səbəbinə. Çünki, bu gün sizin keçirdiyiniz hissləri elə də uzaq olmayan keçmişdə yaşamış biri kimi, sizi başa düşürəm. Bu sizin ilk ayrılığınızdır. İlk uğurunuzdu. Son zəng ssenarilərinin ilk cümləsində deyildiyi kimi “müstəqil həyata atdığınız ilk addımlarınızdır”.

Yaxşı, gəlin kənara qoyaq bu bayağı cümlələri. Sizə reallıqdan danışım. Bu əslində sizin görüb görəcəyiniz ən ağrısız ayrılıqdı, əziz gənc dostlar. Aranızda “9b” sinfində oxuyan yumru, şirin bir qızı sevəniniz də var yəqin, ən çox üzüləniniz odur. Deyin ona üzülməsin, hələ nə ayrılıqlar, nə sevgililər yaşayacaq. Məktəb sevgilərinin ömrü uzun olmur. Deyəsən bir dəfə yazmışdım. Mənim məktəbdə oxuyanda bəyəndiyim biri vardı. On birinci sinifdə oxuyurdu, mənsə ya yeddi, ya səkkizdə. Bir dəfə sinif otağımıza gəldi, gözüm sağ əlinin baş barmağına sataşdı. Dırnağı yox idi. Həmən özümü tənqidə başladım. “Nə olub sənə, gül kimi qızsan, dırnağı olmayan oğlanla sənin nə işin” dedim və unutdum.

Məktəbi bitirmək sizin ilk uğurunuzdu , dedim. Deyil! Mənim bir uşaqlıq dostum vardı, sona qədər altı rəqəmini tərsinə yazdı. Amma mənimlə eyni gundə, eyni ildə o da məzun oldu. Bir də, doqquzuncu sinifdə oxuyanda bir bilik olimpiadasına qatılmışdım. Sinif yoldaşımla sona qaldıq. Onun məndən daha yaxşı oxuduğunu özümdən savayı heç kəs bilə bilməzdi. Olimpiada isə gözlədiyim kimi bitmişdi. Mən qalib olmuşdum, çünki qiymətləndirmə edən müəlliməyə anamın nə vaxtsa hansısa sənəndləşmə işində köməyi dəymişdi. Birinci olmadığı üçün saatlarla ağlayan rəqibimin yanında bu ədalətsiz qalibiyyətimə görə aylarla qürurlanmışdım. Məsələn, indiki yaşımda, indiki ağlımda heç vaxt bu ədaləsizliyə razı olmazdım. Ona görə də deyirəm, bu uğur deyil əslində, belə deyək, bir növ körpüdür. Uşaqlıqdan gəncliyə gedən yolda körpü. Siz, on bir ilə bu körpünü keçirsiniz və son zənginizdə çayın o biri başına çatmış olursunuz sadəcə. Müstəqil həyata atılan ilk addım deyəndə də yəqin bunu nəzərdə tuturlar böyüklərimiz. Bu barədə çox danışıb həyat eşqinizi öldürmək niyyətim yoxdu.

Orta məktəbin aşağı siniflərində oxuyanda çox gec-gec paytaxta gəlirdim. Yolda -irizdə təsadüfən məktəbli qız görəndə, sözün əsl mənasında, şok keçirirdim. Qısa ətəkli, uzun saçlarını açıb küləyə verən, nazlı -qəmzəli, kosmetikalı məktəbliləri görəndə həmən gözümün qabağına dizimizdən olan “şotlankalı” yubkamız, “keçi” yığıb uclarını da hördüyümüz saçlarımızı gətirib dərin xəyal qırıqlığına düşürdüm.

O vaxtlar biz son zəng gününü həm də ona görə səbirsizliklə gözləyirdik ki, məktəbə formasız ancaq onda gəlirdik. Saçlarımız jeleli, paltarlarımız parıltılı, rəgarəng. Bir-birimizi ancaq son zəng tədbirlərində məktəbli kimi görmürdük.

Gün ərzində sosial şəbəkələrdə paylaşılan son zəng şəkillərinə baxıb yenə də təəccüblənmirəm desəm yalan olar. Kosmetikalı, buruq saçlı, qısa ətəkli xanımlar məktəblidən çox universitet məzunlarına oxşayırlar. Ancaq ümidləri onları ələ verir. Bir-biri üçün arzulaya bildikləri ən yaxşı arzunun “tələbə”lik olması, gözləntiləri, bir də məsumcasına axıtdıqları göz yaşları- şəxsiyyət vəsiqələrindəki doğum tarixinin 1999 olduğunu göstərir.

Mənsə sizdən ən azı yeddi bahar böyük olduğum üçün sizə tələbəlik yox, azadlıq arzulayıram, əziz məzunlar. Qabağınıza həmişə yaxşı adamlar çıxsın.