Rauf Qaragözov beynəlxalq elmi jurnalın ekspertidir

rauf-qaragozov-beynelxalq-elmi-jurnalin-ekspertidir
Oxunma sayı: 946

“Qafqazinfo”nun məlumatına görə, "Siyasi psixologiya" jurnalı Beynəlxalq Siyasi Psixologiya Cəmiyyətinin (ISPP) iki ayda bir dəfə nəşr edilən elmi jurnalıdır. Jurnalda məqalələrin çapı rəy sisteminə (peer-review) əsaslanır və burada yalnız ekspertlərin müsbət rəy verdiyi məqalələr çap edilə bilər. R.Qaragözov həmin ekspertlər sırasında təmsil olunur. "Jurnalların Sitatı" üzrə beynəlxalq reytinq hesabatlarında "Siyasi psixologiya" jurnalı "Siyasi elmlər" kateqoriyasında 148 jurnal arasında 12-ci, "Psixologiya və İctimai elmlər" kateqoriyasında 59 jurnal sırasında 19-cu yeri tutur.

Qeyd edək ki, siyasi psixologiya dünyada yeni yaranmış elmlərarası sahələrdəndir. 1968-ci ildə ABŞ-da siyasi psixologiya üzrə ilk kafedra, 1978-ci ildə Beynəlxalq Siyasi Psixologiya Cəmiyyəti yaradılıb.

Azərbaycanda da bu sahənin yeni olmasına baxmayaraq Rauf Qaragözovun beynəlxalq ekspert kimi jurnalda təmsil olunması ölkəmizdə siyasi psixologiyanın uğurla inkişaf etməsini göstərir.

R.Qaragözov Moskva Dövlət Universitetində psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, Rusiya və ABŞ-da bir neçə elmi mərkəzlərdə tədqiqatçı, mühazirəçi və məsləhətçi kimi çalışıb. 2002-2003-cü ildə və 2011-2012 -ci ildə ABŞ-ın Vaşinqton Universitetində (Sent-Luis) dəvət edilmiş professor qismində mühazirələr oxuyub. R.Qaragözov 80-dən çox elmi əsərin, məqalə və kitabın müəllifidir. "Rusiyada və Mərkəzi Qafqazda kollektiv yaddaşın metamarfozaları" adlanan son kitabının əsas hissəsi ingilis dilinə tərcümə edilərək ABŞ-da nəşr edilib. R.Qaragözov hazırda SAM-da aparıcı elmi işçi vəzifəsində işləyir. Əsas elmi maraq sahələri-siyasi psixologiya, kollektiv yaddaş, etno-siyasi münaqişələr və onların psixoloji aspektləri, identiklik modelləri və s.-dir.