Eşq əlçatmazlıqdır kişilər üçün...

esq-elcatmazliqdir-kisiler-ucun
Oxunma sayı: 2542


Könül, Düzü sevdiyin fransız kafesində fotosessiya eləmək istəyimizə yox cavabı alandan sonra “Əziz dost”u müzakirə eləmək həvəsim çəkilib getdi. Cənab Drüanı müdafiə eləmək üçün seçdiyimiz tanınmış jurnalist son anda bu missiyanı yerinə yetirməkdən boyun qaçıranda, “mənim o alfonsla ortaq heç nəyim yoxdur. Adımın onun adı ilə yanaşı hallanmasını istəmirəm, lütfən, başqa əsər seçək deyəndə”, əvvəlcə hirslənsəm də, sonra gülümsədim və yenidən həvəsləndim. Düz ünvanda idik. Cənab Drüa kişilərin özlərinə yaraşdırmadığı, ancaq son dövrlərdə yaman tez-tez içindəoturduqları kimlikdir.

Öncədən deyim ki, uzun illər ona cəmiyyətin fonunda baxaraq haqq qazandırmışam. Ümumiyyətlə, Fransız yazıçılarını fərdləri ayrılıqla günahlandırmadığı üçün tədqir etmişəm. İndi isə belə düşünmürəm. Bu, şüuraltına nə etsəniz cəmiyyəti qınaya, məsuliyyətdən qaça bilərsiz fikrini yeridir, adamları daha yaxşı olmaq üçün şəxsiyyətləri üzərində çalışmaqdan qoyur. Mən Cənab Drüaya və o kimlikdə olan adamlara qarşıyam. Bu, korkoranə müxaliflik deyil. Cənab DrüaMarokkoda vuruşub qayıdandan sonra cibində və beynində heç nə olmayan biridir. Lakin o, yaraşıqlıdır. Qadınlar onu sezir və sevir. Drüa bunun fərqindədir və əlində olan imkandan lazımınca yararlanır. Nüfuzlu kişilərin qadınlarını sevgili və həyat yoldaşı qismində ələ keçirməklə, onların maddi və mənəvi yardımlarından istifadə edir, cəmiyyətdə sayılıb seçilən kişiyə çevrilir. Əsər boyu məlum olur ki, o, əslində oyundan kənar heç nə eləmir, ətraf - jurnalistlər, redaktorlar, siyasətçilər də yaltaqlıq, ikiüzlülük, riyakarlıq sayəsində yüksək postlardadırlar. Drüa zəncirin bir halqasıdır. Mopassan bu əsərlə 3-cü respublikanı ifşa edib. O vaxtlar Fransa elitası bu əsərə görə əməlli-başlı hirslənib.

Drüa heç kimi sevmir. Bədəndolusu sevib saflaşma xoşbəxtliyinə sahib deyil.Gözləri pul və güc rəngindən başqa rəng görmür. O, başqalarının acısını duymur. Nüfuz sahibi olmaq üçün öz yolu ilə addımlayır. Fiziki olaraq kimsəni öldürmür, lakin nə qədər qadın istifadə olunmuşluq hissi ilə əzab çəkərək mənən məğlub edilir. Əslində, bu yaxında çəkilmiş filmdə, elə əsərin özündə də Mopassanın kişi tərəfkeşliyini tam kənara qoymadığı görünür. Dərindən düşünəndə Drüaya haqq qazandırırsan. Adam neyləsin?! Malı, pulu, istedadı  yoxdu, əvəzində varlığı üzərində hakimlik edən önə keçmək ehtirası, bir də yaraşığı var. Bu əsaslı bəraətdirmi? Deyil. Məqsədə çatmaq üçün kimdənsə, nədənsə istifadə eləyəndə qarşı tərəfin hisslərini, məhz hisslərini nəzərə almalısan. Birini əzərək ya onu məhv edirsən, ya da şər qüvvə düzəldirsən. İkisi də ziyanlıdır. Bunu nəzərə alıb özümüzü dayandıra bilsək, dünyanı daha yaşanmalı yerə çevirə bilərik. Drüa savadsız olsa da, müharibə iştirakçısı idi. Ölümlər və şiddətlə üz-üzə durarkən, özü ilə tək qalıb uzun-uzun düşünmək imkanı varkən müdrikləşməyi bacarmamışdısa, ona haqq qazandırmaq yersizdir. O, şər qüvvə istehsalçısı idi.

Mopassan Drüanın qucağına əvvəlcə barda çalışan qadın atır,türklər beləsinə həyat qadını deyir, (nə qəribə bənzətmədir) sonda isə onu azyaşlı məsum qızla evləndirir. Drüanın kimliyi çirkləndikcə Mopassan onu daha çox mükafatlandırır, o, ətrafı daha çox bulaşdırır. Məni ən çox məyus edən budur. Bu paradoks əsərdən kənarda, içində fırlandığımız həyatda da izlənir.

Mopassan Əziz dost əsərinə özündən çox şey yazıb. O, özü heç vaxt evlənməyib, deyilənə görə üç yüz qadınla görüşüb. Nə qədər qadın mənəvi zədə alıb. Təbii, o qadınların əksəriyyəti Mopassanı yox, onun şöhrətini, yazıçı tərəfindən sevilməyi sevib. Yaradıcı adamın muzasına çevrilmək, onun əsərindəki obrazın real həyatda gəzən versiyası olmaq çoxunun xoşuna gəlir. Çox vaxt özümüzə etiraf etməsək də, hətta bəzən heç fərqində olmadan yazıçı, şair, rəssam, ümumiyyətlə incəsənətlə məşqul olan adamla sırf yazılmaq, yaddaşlara həkk olunmaq istəyinin təhriki ilə münasibətə meyillənirik. Bizi yazar, bizdən yazar, ölümsüzləşərik deyə ümidlənirik. Özümüzü dərk eləməyə başlayandan bu dünyada hələlik yaşadığımızın fərqindəyik. Ölümün labüdlüyü, bir gün torpağa qarışmaq həqiqəti varkən seçilmək, fərqlənmək istəyirik. Bədəndə tatu etmək, kitab çıxartmaq, uşaq vaxtı evdə divar kağızlarını yazmaq, mezolit dovründə Qobustan qayalarına rəsm həkk etmək, müasir dövrdə qrafit üslulu ilə küçələrə şəkil çəkmək mahiyyət etibarı ilə bilərəkdən və bilməyərəkdən, şüurlu və şüursuz şəkildə iz qoymaq, yazmaqla bərabər, yazılmaq cəhdidir. Lakin qadınlar arasında Mopassana həqiqətən aşiq olanlar da tapılıb. Mopassan  isə ölənə qədər bir qadınla emosional bağ yaradıb BİRləşməyi bacarmayıb. Belələrini sevmirəm. Ailələşə, doğmalaşa bilən adamları sevirəm. Çünki yalnız güvənli əməkdaşlıq zamanı müsbət enerjinin doğduğu inancındayam. Soyuq olanda əllərimizi ovuşdurub istilik yaratmağa çalışırıq. İkili olmaq soyuğu dözülən etməkdir.Seçim imkanı varkən ömrü boyu öz soyuğuna bürünüb yaşayanları anlamaqdan imtina edirəm.

Sahilə, Şərtimiz belə idi ki, birinci sən mənə məktub yazacaqsan. Sonra mən istəsəm sənin açdığın mövzuya münasibət bildirəcəm, istəməsəm istənilən digər mövzudan söhbət açacam. Növbəti məktublaşmaya oxucular da qoşula bilər. İndi istər oxucu, istər yazıçı, istər müəllim, istər tələbə hansısa mövzuya nöqtə qoymaqda çətinlik çəkir. Ona görə biz də hər hansı mövzuya sadəcə münasibət bildirməklə vergüldən sonrakı fikri davam etdirəcəyik. Bizdən sonra oxucular vergüldən sonra başqa fikir deyə, başqa doğru düşünə bilərlər. Bu dəfə mən də Drüa haqqında yazacam. Drüanı qınayırsan. “Söz vaxtına çəkər” deyirlər, qınağa tuş gələn insanlar mənə görə həmişə ilin ayazındadırlar. Oxuyunca Drüa ismi də mənə hazırda yaşadığımız mart soyuqluğunu bağışladı.Drüanı sözsüz ki, mən də qınayıram. Fəqət yenə də Drüa kimiali göstəricilərdən məhrum birisinin məharətlə yararlana bildiyi o“ali” görüntülü cəmiyyəti qınayıram. Axı Drüa o mühitdə özünü suda balıq kimi hiss edə bildi. Əldə etdiyi nailiyyətləriisə onun fərziyyələrini də üstələyib-keçdi. Düşünürəm ki, Mopassan bu əsərində qəhrəmanını əhatə edən mühiti qabarıq şəkildə vurlamaqla oxucu diqqətini daha çox ali cəmiyyətin pərdə arxası yaşam tərzinə yönləndirib. Əsərin qəhrəmanı isəbütün səhnələrdə yalnız ifşaçı rolunda çıxış etmək üçün seçilib. Belə ki, əgər Drüa orbazını çıxartsaq, əsər öz mahiyyətini itirməyəcək və əsas ideya digər personajlarla – zəngin qadınların yuxarı sinifdən olan məşuqələri ilə də sərgilənmiş olacaqdı. Drüa isə aşağı sinifdən gəlmə personaj idi. Bu da təsadüfi seçilməyib. Hətta belə birisinin o ali cəmiyyətin tərkib hissəsinə çevrilməsi və kübar qadınların diqqətini çəkib özünə ram etməsi həmin cəmiyyətin heç də ali prinsiplərlə yaşamadığını oxucuya söyləyir.

Qəhrəmanın aşiq ola bilməməsi səbəbini də bu mühitdə tapmaq mümkündür.Sanmıram ki, təbiət onu bu hisslərdən məhrum yaratmışdır. Sadəcə bu mövzuda qəhrəmanı qadınlar məyus edib. Yaşadığı zəngin təcrübəsindən yanaöz məqsədinə çevirdiyi bütün qadınları asanlıqla əldə etməklə onda belə bir düşüncə formalaşıb: əlçatmaz qadın yoxdur. Etiraf etməsələr də eşq – əlçatmazlıqdır kişilər üçün. Drüanın durumunda artıq sevgidən, həyəcəndan, həsrətdən və sairə kimi aşiqanə vəziyyətlərdən söhbət gedə bilməzdi. Həyatındakı qadınlar Drüanın zirvəyə doğru addımladığı yolunda pilləkan rolunu oynayırlar. Hər dəfə o, bir qadın əzməklə – göz dikdiyi zirvəyə bir pillə də yüksəlirdi. Əziləcək hər bir qadın – onu ucaldacaq bir pillə idi.

Ezoteriklər sevgi və pula dair maraqlı fikir yürüdürlər. Onlar bu iki və ən güclü energetikanının bir-birini itələdiyi və heç vaxt bir araya gəlmədiyini söyləyirlər. Doğrudan da müxtəlif insanların ruhunu bürüyən iki ən böyük həyacanınbiri sevgi, biri də puldur. Kainat isə aşırı istəklərə görə insanı cəzalandırmamış qalmır; birisinə külli miqdarda pul verməklə sevgidən, ülvi hisslərdən məhrum edir, digərinə isə böyük sevgi bəxş etməklə onu əbədi yoxsulluğa məhkum edir.

Drüa bunların fərqində deyil və bu sevgisizlik onu ağrıtmır da heç. Axı onun öz sevgisi var – zənginlik. Qarşısında pilləkan şəklində düzülən qadınlar onda nəyə maraq oyada bilərdi? Əlbəttə ki, yalnız nəticədə əldə edəcəyi faydalara... Öz daxılındəki ülvi qatları açmaq üçün Drüamaddi deyil, mənəvi ağrılar yaşamalı idi. Ancaq qadınlar Drüanısonsuzadək ərköyün uşaq kimi sevməklə onu əsl kişi səadətini yaşamaqdan məhrum etdilər.Mopassan “Əziz dost” əsərində qadınlardan aldığı şəxsi təəssüratlarını da sərgiləməmiş deyildi. Drüa obrazında müəllif yalnız qadınlardan istifadə edən bir əyalət kişisinin deyil, eyni zamanda kişi səadətindən məhrum bir insanın rəsmini çəkib. Öz bədbəxtliyindən bixəbər birisinin rəsmini... Və buna qadınların hansı xüsusiyyətlərinin səbəb olduğunu göstərib.

Bu əsərdə Drüanın kəskin rənglərlə zərərçəkmiş kimi göstərilməməsi, onda pafoslu süni kədərin olmaması o qədər real... o qədər kədərlidir ki... eynən kitabı təkrar oxumağa başladığımız fevral kimi...