Türkiyədəki tanımadığımız musiqiçilərimiz

-turkiyedeki-tanimadigimiz-musiqicilerimiz-
Oxunma sayı: 733

Bir neçə gün bundan əvvəl Azərbaycanın çox istedadlı sənət nümayəndələrindən biri, istedadlı pianoçu Zöhrab Adıgözəlzadə dünyasını dəyişdi. O, Türkiyədə, Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri işləyib. Mən və mənim kimi başqaları bu insanların taleyindən xəbərsizdir. Ancaq xəbərləri oxuyanda bildim ki, bu istedadlı insan neçə illərdir Türkiyədə yaşayırmış. Amma söhbət təkcə Zöhrab Adıgözəlzadədən getmir. Çünki İstanbuldakı musiqiçi tanışlarımın bir çoxu mənə Türkiyə universitetlərində azərbaycanlı musiqiçilərin dərs demələrindən danışdılar. 1990-cı illərin əvvəlində Türkiyədə akademik musiqinin olmadığı bir dövrdə bu istedadlı musiqiçilərimizin əksəriyyəti oraya köçüb. Heç onların məqsədi, bəlkə də, türkiyəlilərə akademik musiqi öyrətməkdən daha çox, sadəcə, öz yaradıcılıqlarına sığınacaq yeri axtarmaq olub. Ən gözəl illərini, ən maraqlı xatirələrini, unudulmaz çağlarını yaşadığı yerləri tərk edib getmək heç kimə asan gəlməsin. Bu insanları heç kim qınamasın. Onlar öz sənətlərinə dəyər verilməyən yerdə yaşamaq istəməyiblər.

Orta məktəbdə bizə nəğmə dərsi keçirdilər. Amma çox az şagird vardı ki, onlara not öyrənmək maraqlı gəlirdi. Bir çoxu nəğmə dərsində rəsm çəkirdi, ya da boş-boşuna vaxtını keçirib gedirdi. Amma indi nə qədər o dərsin əhəmiyyətli olduğunu anlaya bilirəm. Türkiyəlilərə deyəndə ki, biz orta məktəbdə nəğmə dərsi də keçirdik, onlar mat-məəttəl qalırdılar.

Bu yaxında bir nəfər istedadlı musiqiçi və bəstəkar xanımla Arif Məlikovdan söhbət etdik. Mənə həmişə bu insanların düşüncələri, həyat tərzi maraqlıdır. Arif Məlikov həmin azsaylı insanlardandır ki, uzun müddət siqaret puluna belə yetməyəcək maaşa işləyib və ona Yaponiyadan, Avropadan, Amerikadan gələn ən yaxşı təkliflərə cavab olaraq, “Yox, bəs mən də getsəm, mənim millətimə kim öyrədəcək?” deyərək buranı, bizləri tərk etməyib. Mən bu insanın qarşısında baş əyirəm. Nə qədər ki, gec deyil, onun bu böyük sevgisi öz qiymətini tapmalıdır. Bu dahi insan bir müddət onurğa sütunundakı xəstəlikdən əziyyət çəkib, düzdür, çətinliklə də olsa, xaricdə müalicə alıb və sağalıb, amma biz təəssüf ki, bu insanları zamanında qiymətləndirə bilmirik.

Ankarada Bilkent Universitetində skripka üzrə müəllim işləyən və iki il bundan öncə 73 yaşında vəfat edən istedadlı skripka ustası Sərvər Qəniyevi neçə insan tanıyır. Eləcə də, hazırda İstanbul Yeditepe Universitetində dosent işləyən pianist İslam Manafovu...

Dirijor desək, Niyazidən başqa kimsə ağlımıza gəlməyəcək, amma hazırda Türkiyədə yaşayan çox peşəkar dirijor Ramiz Məlikaslanovu da Azərbaycanda musiqiçilərdən başqa kimsə tanımır.

Mədəniyyət sərhəd tanımaz deyirlər. Razıyam, amma adını çəkdiyim və çəkə bilmədiyim bu musiqiçilərimiz Azərbaycandan savayı hər yerdə sevilir, sayılır, anılır. Təkcə biz tanımırıq, bizim xəbərimiz yoxdur. Sanki, onlar bizə gərək deyillər. Biz onlardan hansısa ölkədə vəfat edəndə, yaxud da hansısa xarici universitetdə anım mərasimi keçiriləndə xəbər tuturuq. Şəxsən mən heç uzağa getmirəm, təkcə Türkiyədə yaşayıb yaradan musiqiçilərimizdən xəbərsizdim. Bizim əsl qorunmalı olan mədəniyyətimiz onlardır. Onlar bizim wikipediadan belə haqqında məlumat tapa bilmədiyimiz canlı mədəni irsimizdir. Halbuki hər biri haqqında qalaqlarla kitablar yazmaq olar.