10-cu sinif şagirdi məktəb pəncərəsindən yıxıldı - Vəziyyəti ağırdır - Yenilənib

10-cu-sinif-sagirdi-mekteb-penceresinden-yixildi
Oxunma sayı: 1610

Bu gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda deyilir.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kliniki Tibbi Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, 163 nömrəli orta məktəbdən yıxılma səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs (kişi) sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 

Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həmin şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.