12 yaşlı qız 32 yaşlı şəxslə nişanlandı - Rəsmi açıqlama - Yenilənib

12-yasli-qiz-32-yasli-sexsle-nisanlandi
Oxunma sayı: 12426

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb.

Bildirilib ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

Həmçinin bu xəbəri oxuyun: Евроинтеграция Грузии не создает никаких проблем для Азербайджана

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

***

Mil-Muğan Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı E. Q. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII  sinif şagirdidir: “Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir.

Məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına adiyyəti üzrə məlumat verib”.