On beş il əvvəl Pekində Lianqma çayının sahilləri qış aylarında qalın dumanla örtülür, küçələr isə, demək olar ki, boş qalırdı. Bu gün isə səhər saatlarında ərazi ailələr, idman edən təqaüdçülər və gəzintiyə çıxan sakinlərlə doludur.
“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, bu dəyişiklik Çində hava çirkliliyinə qarşı illərlə aparılan genişmiqyaslı dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.
Hakimiyyət dünyanın ən pis hava keyfiyyəti göstəricilərindən birini yaxşılaşdırmaq üçün zavodların köçürülməsi, kömür istifadəsinin azaldılması və nəqliyyatın elektrikləşdirilməsi kimi addımlar atıb.
Çinin bir çox şəhərində çirklənmə səviyyəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) müəyyən etdiyi hədləri aşır. Bununla belə, ölkə 2010-cu illərin əvvəllərində “aeropokalipsis” adlandırılan ağır duman günləri ilə müqayisədə ciddi irəliləyiş əldə edib.
83 yaşlı Pekin sakini Zhao AFP-yə bildirib ki, əvvəllər hava çirkliliyi səbəbindən evdən çıxmırdı: “O vaxtlar duman olanda çölə çıxmazdım. İndi isə hava çox təmizdir”.
Pekin bələdiyyəsinin yanvar ayında açıqladığı məlumata görə, 2013-cü ildən bəri ağciyərlərə və qan dövranına daxil ola bilən xırda hissəciklər – PM2.5 səviyyəsi 69,8 faiz azalıb.
Çikaqo Universitetinin Hava Keyfiyyəti Həyat İndeksinə (AQLI) əsasən, 2014-cü ildən sonrakı on ildə ölkə üzrə çirklənmə 41 faiz azalıb. Bu isə orta ömür uzunluğunun təxminən 1,8 il artmasına səbəb olub.
Çinin sürətli sənayeləşməsi və kömürdən geniş istifadə 2000-ci illərdə hava keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxarmışdı. Xüsusilə soyuq qış aylarında çirkləndiricilər vəziyyəti daha da ağırlaşdırırdı.
2013-cü ildə ölkənin bir sıra şəhərlərində uzunmüddətli duman dalğaları müşahidə olunmuşdu. Həmin ilin oktyabrında şimal-şərqdə yerləşən Harbin şəhərində PM2.5 səviyyəsi ÜST-nin ovaxtkı tövsiyə normativindən 40 dəfə yüksək olmuş və şəhər bir neçə gün faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Həmin dövrdə sosial şəbəkələrdə “Əlinizi tuta bilirəm, amma üzünüzü görə bilmirəm” ifadəsi geniş yayılmışdı.
Artan narazılıqlar fonunda Çin Kommunist Partiyası “çirklənməyə qarşı müharibə” elan edərək, on maddəlik fəaliyyət planı qəbul etmişdi. Proqram çərçivəsində monitorinq sistemi genişləndirilib, sənaye müəssisələrində texnologiyalar yenilənib, bir sıra kömür elektrik stansiyaları və mədənlər bağlanıb və ya köçürülüb.
Böyük şəhərlərdə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub və nəqliyyatın elektrikləşdirilməsi istiqamətində genişmiqyaslı addımlar atılıb.
Qeyd edilir ki, Çin hələ də hava çirkliliyi ilə mübarizəni davam etdirməlidir. Lakin son onillikdə əldə olunan nəticələr ölkənin bu sahədə ciddi dönüşə nail olduğunu göstərir.




Son xəbərlər
Son Xəbərlər