200 milyon dollar hərraca çıxarıldı - Nə dəyişəcək?

200-milyon-dollar-herraca-cixarildi
Oxunma sayı: 7450

Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu dünəndən etibarən bu il üçün valyuta satışını bərpa edib. “Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə keçirilən ilk hərracda 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılaraq 32 banka satılıb.

Xatırladaq ki, MB-ın hərrac keçirməməsinə görə ölkədə dolların satışında qıtlıq müşahidə edilirdi. MB-nin göstərişi ilə yalnız “Azərtürkbank” 500 dollara qədər dollar sata bilirdi. Belə bir halın yaşanması ölkədə “qara bazar”ın formalaşmasına, manatın dollar qarşısında daha da ucuzlaşmasına gətirib çıxarırdı.

Belə olan halda, Dövlət Neft Fondunun bazara daxil olması perspektivdə nə vəd edir?

Bu barədə “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Neft Fond bu hərraclar vasitəsilə dövlət büdcəsi qarşısında olan öhdəliklərini yerinə yetirir: “Hazırda valyuta bazarında çox ağır durum yaşanır. Mərkəzi Bankın rezervləri sürətlə tükənir. Tək Mərkəzi Bankın bazara müdaxiləsi ilə dolların məzənnəsində uzun müddət stabil vəziyyət yaratmaq mümkün olmurdu. Valyutadəyişmə məntəqələrinin bağlanması, banklarda dollar çatışmazlığı problemləri yaranmışdı”.

Onun sözlərinə görə, 200 milyon dolların banklara satılması qısa müddətlik dövr üçün bankların dollar ehtiyatını ödəyə bilər: “Bir hərracın isə orta və uzunmüddətli dövr üçün valyuta bazarındakı vəziyyəti stabilləşdirəcəyini düşünmək səhv olardı. Hərraclar bir neçə dəfə keçirilməlidir ki, valyuta bazarında olan ajiotaj da müəyyən dərəcədə aradan qalxsın.

Hərracın keçirilməsi həftə sonuna qədər banklarda dollar satışınının həyata keçirilməsinə yardım edə bilər. Bu da bankların aparacağı siyasətdən də asılı olacaq. Amma bu hərraclar vasitəsilə satılan valyutanın böyük əksəriyyəti Beynəlxalq Bank və Paşa Bank tərəfindən alınıb. Yəni bu iki bankda dollar ehtiyatı daha çox artıb. Digər banklara hərracdan cüzi dollar ehtiyatı çatıb. Ona görə də digər bankların valyutaya olan təlabatı yenə də qalmaqdadır”.

Ekspert əlavə edib ki, DNF hər gün hərrac keçirərək dollar sata bilər: “Bu ay ərzində iş günlərini saysaq, 3 milyarda yaxın pul edir. Amma Neft Fondunun o qədər öhdəliyi yoxdur. Neft Fondu bu il manat şəklində dövlət büdcəsinə 6 milyarddan bir qədər çox pul köçürməlidir. Bu da indi ki məzənnə ilə 4 milyard dollar edir. Bu qədər vəsaiti il ərzində büdcəyə köçürtməlidir. Hər gün bu hərracların həyata keçirilməsinə Neft Fondunun ehtiyacı yoxdur. Ölkənin valyuta bazarının buna ehtiyacı var. Tələb var, amma təklif yoxdur. Bu durumda Dövlət Neft Fondunun və Mərkəzi Bankın imkanları məhduddur”.

Bu arada qeyd edək ki, Mərkəzi Bank dollarla satışı bir neçə gündür ancaq AzərTürk banka icazə verdiyi üçün bu gün səhərdən bankın qarşısında böyük izdiham yaşanır.

Günel Türksoy