“5 manatlıq çantadan qalmadı…” - “Vasmoy”dan bazarlıq +Video

5-manatliq-cantadan-qalmadi
Oxunma sayı: 9616

“Hər yaxınlaşdığımız mağazada rəngli kağız istəyir, yaxşı ki, digər ləvazımatlara nisbətən onun qiyməti ucuzdur”.

Artıq sabahdan etibarən yeni dərs ili başlayır. Hər il olduğu kimi, valideynlər bu ərəfədə məktəb alış-verişi təlaşına düşürlər. Bu marafon şagirdlər üçün bir əyləncə olsa da, bahalaşan qiymətlər, ilbəil daha çox tələb olunan ləvazımatlar valideynlərin narahatlığını artırır.

Biz də “Qafqazinfo” olaraq “8-ci kilometr bazarı”nda olduq və məktəb alış-verişi edən ailələrlə söhbətləşdik.

Birinci sinfə bu il başlayan Sevinc məktəb alış-verişində hamıdan daha çox həyəcanlıdır. Anası Zümrüd xanımın sözlərinə görə, qızının ən çox marağı rəngli kağızlara, karandaşlaradır. Artıq 1 saatdır ki, bazarda gəzsələr də, hələ alış-verişləri tam yekunlanmayıb. Məktəb ləvazımatları üçün isə 45 manat xərcləyib. Bazarda qiymətlərin digər yerlərə nisbətən ucuz olduğunu bildirən valideyn buna baxmayaraq pulunu çatdıra bilməməkdən qorxur. Çünki qiymətlər ötən ilə nisbətən nə az, nə çox 50% faiz bahalaşıb.

Ailəylə sağollaşıb bu dəfə satıcılara yaxınlaşırıq. Ötən illərə nisbətən bu il bazarda alıcı sıxlığı müşahidə olunur. Bunun da əsas səbəbi bazardakı qiymətlərin mərkəzdəki mağazalardan daha münasib olmasıdır. Piştaxtanın arxasında dayanan Elçin bəy müştəriləri yola sala-sala suallarımızı cavablandırır. Onun sözlərinə görə, alıcılarını itirməmək üçün ləvazımatları mümkün qədər ucuz satmağa çalışır:

“12 vərəqli dəftərin mayası keçən il 5 qəpik idi, 7-8 qəpiyə satırdıq. Bu il isə 10,5 qəpik mayasıdır, 12 qəpiyə satırıq. Səhərdən neçə nəfərə 10 qəpiyə satmışam. Neyləyim, almırlar. 40 vərəqli dəftər keçən il 20 qəpik idi, bu il 35 qəpik olub. Qələmlər 10 qəpik qalxıb. Rəngli qələmlərin qiyməti isə 3 manat olub. Bax, bu ailə bir uşaq üçün lazım olan ləvazımatlara 60 manat verib çıxdı. Onlar da şikayətlənir, əllərində pul yoxdur. Ancaq bizim də edə biləcəyimiz bir şey yoxdur ki, edək”.

Elçin bəyin sözlərinə görə, bu il qiyməti ən az qalxan mal çantalardır. Bunun səbəbi isə firmalardan yox, fərdi şəkildə alınmasıdır. Ucuz qiymətə alıb, elə ucuz da satırlar. Odur ki, çantaların qiyməti 7-30 manat arasında dəyişir. Bazarda gəzdiyimiz zaman qiyməti 5 manata olan çantalar da qarşımıza çıxdı.

Məktəbli formalarının qiyməti isə müxtəlifdir. Satıcılar orijinal olduğunu iddia etdiyi formalar 35 manata, saxtası isə 25-30 manata təklif olunur.

Ümumilikdə, 1 şagirdin məktəbə tam hazırlaşması üçün bazar qiymətləri ilə 90-120 manat tələb olunur.

Günel Hacı
Fotolar və video: Nuran Məmmədov