Paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
Son Xəbərlər