“Azerros” Ağsaqqallar Şurasının rəhbəru Abbas Abbasov iki uşağı həyat yoldaşı tərəfindən əlindən alınan və özü Azərbaycandan deportasiya olunan Marina Bezbuvaya uşaqlarını geri qaytarmaqda yardım edib. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, 10 ildən artıqdır ki, azərbaycanlı Əlibəy Qurbanovla tanış olan və ondan iki qızı dünyaya gələn Marina əlindən alınan övladlarını geri qaytara bilmək üçün Andrey Malaxovun “Pust qovoryat” verilişinə müraciət edib.
“Azerros”un rəsmi nümayəndəsinin qatıldığı verilişdən sonra Abbas Abbasov uşaqların analarına qaytarılmasına yardım etmək üçün göstəriş verir və bunun üçün qurumun vitse-prezidenti Rafael Babayev Azərbaycana göndərilir. O, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi rəisi Zavər Qafarov və digər səlahiyyətli şəxslərin yardımı ilə uşaqların qanuni yollarla atasından alınması üçün əllərindən gələni edir. Marinanın qanun pozuntusu səbəbindən Azərbaycana gəlməsinə qoyulan qadağa da, qurumun yardımı ilə aradan qaldırılır və uzun prosedurdan sonra Marinanın qızları ona qaytarılır.
Qeyd edək ki, proqramda çıxış edən Marinanın sözlərinə görə, ikinci qızı olduqdan sonra Əlibəy onu Azərbaycan gətirmək istədiyini deyir, Marina da buna razılıq verir. Lakin Marina ancaq Azərbaycana gəldikdən sonra öyrənir ki, Əlibəyin başqa arvadı da var və Sima adlı qadınla rəsmi nikahdadır. Marina Əlibəyin həyat yoldaşı və həmin qadından olan 3 uşağı ilə bir yerdə qalmaq məcburiyətində qalır.
Daha sonra Marina evi tərk etmək istəsə də pulu olmadığı üçün onlarla yaşamalı olur. O, evin ikinci mərtəbəsində uşaqları ilə qaldığını, Əlibəyin onun uşaqlarına əhəmiyyət vermədiyini, xəstə olanda belə onlara baş çəkmədiyini deyib. Əri tərəfindən döyüldüyünü, təhqir edildiyini deyən qadın ayrılmaq istədiyini bildirəndə isə Əlibəy uşaqları onun əlindən alır, qadın isə ölkədən deportasiya olunur.
Son xəbərlər
Son Xəbərlər