ABŞ-də yüksəkvəzifəli şəxs İrana görə istefa verdi - “Dəstəkləyə bilmərəm”

abs-de-yuksekvezifeli-sexs-irana-gore-istefa-verdi
Oxunma sayı: 1338

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent İrana qarşı davam edən hərbi əməliyyatlara etiraz olaraq vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, o, qərarını ABŞ prezidenti Donald Trampa ünvanladığı açıq məktubla açıqlayıb.

Kent məktubunda bildirib ki, uzun müddətdən düşündükdən sonra bu qərara gəlib və mövcud müharibəni vicdanla dəstəkləyə bilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, İran ABŞ üçün birbaşa təhlükə yaratmayıb və müharibə siyasi təsirlərin nəticəsi kimi ortaya çıxıb.

“Uzun müddət düşündükdən sonra bu gündən etibarən vəzifəmdən istefa vermək qərarına gəldim. İranla davam edən müharibəni mənəvi baxımdan dəstəkləyə bilmərəm”.

O, həmçinin Trampın əvvəlki seçki kampaniyalarında müdafiə etdiyi müharibə əleyhinə mövqeyi xatırladaraq, Yaxın Şərq müharibələrinin ABŞ üçün ağır nəticələr doğurduğunu qeyd edib.

Kent məktubunda müharibənin başlanmasında İsrailin və ABŞ-dəki müəyyən lobbi qruplarının təsirinin olduğunu iddia edib. Onun fikrincə, ictimai rəyin formalaşdırılması üçün dezinformasiya kampaniyaları aparılıb.

O bildirib ki, bu cür yanaşma ABŞ-ni daha əvvəl İraq müharibəsinə sürükləyən taktikalara bənzəyir və həmin səhvin təkrarlanmaması vacibdir.

Kent çoxsaylı münaqişələrdə iştirak etdiyini deyib:

“Amerika xalqına fayda verməyən bir müharibə üçün gələcək nəsli ölümə göndərməyi dəstəkləyə bilmərəm”.

O, məktubunun sonunda Trampa müraciət edərək kursun dəyişdirilməsinin vacibliyini vurğulayıb:

“İndi qərar vermək vaxtıdır - ya yeni yol seçəcəksiniz, ya da ölkəni daha böyük xaosa sürükləyəcəksiniz”.