Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin Təşkilatçılığı ilə rayonun Digah qəsəbə qəbiristanlığında ucaldılan “Türk şəhidliyi” abidəsinin önündə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə icra başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib.
O, deyib ki, erməni daşnaklarına qarşı Azərbaycan oğulları ilə birgə Qafqaz İslam Ordusu da mübarizə aparıb, çiyin - çiyinə döyüşərək düşməni məğlub ediblər. Bu döyüşlər zamanı türk əsgərlərinin də şəhid olduğu və onlardan 9-nun Digah qəbiristanlığında dəfn edildiyini deyən İ.Gülməmmədova əlavə edib ki, şəhidlərimizin uyuduğu məkanda “Türk şəhidliyi” abidəsi inşa edilib.
Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi C.Günəş deyib ki, Azərbaycanla Türkiyəni bir çox tarixi köklər bağlayır. Onların düşmənə qarşı birgə mübarizə aparması və 1130 türk əsgərinin şəhid olması da bunun bariz nümunəsidir.
Bundan sonra məktəblilər soyqırımı özündə ehtiva edən və vətənpərvərlik şeirlərini oxuyublar.
Qeyd edək ki, 1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunub. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərzaidə salınmış abidə müasir üslubda qurulub, şəhidlik kompleksinin ərazisi genişləndirilib, ətrafda abadlıq işləri görülüb. Abidənin ətrafında 1000 ədəd ağac və gül kolları əkilib.
Son xəbərlər
Son Xəbərlər