Autizmlə bağlı kitabın təqdimetmə mərasimi keçirilib

autizmle-bagli-kitabin-teqdimetme-merasimi-kecirilib
Oxunma sayı: 1931

Martın 10-da “Azərkitab”da müəllifi Lalə İsmayılovanın olduğu "Autizm - ev şəraitində təlim” adlı kitabın təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu kitabla öz övladı ilə yanaşı, başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa çağırır: "Autizm hər şeyin sonu demek deyil. Erkən müdaxilə, doğru yol seçməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”. 

Təqdim olunan kitabdakı təlimin əsasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyacı olan uşaqlar ücün hazırladığı sistem durur.

Təqdimat mərasimində mütəxəssislər - psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq İlham Osmanlı, yazıçı Çinarə Köçərli, Birgə ve Sağlam İB-nin sədri Aytən Eynalova çıxış edərək kitabın autizmli uşaq sahibi olan valideynlərin maariflənməsində, onların övladları üçün əhəmiyyətli rol oynayacağına inandıqlarını bildiriblər. 

Mərasimdə mügənni Eldar və Tünzalə Ağayeva da iştirak edib. Tədbir "Ümid var” xeyriyyə birliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, autizmli uşaq anası olan Lalə İsmayılova Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. Övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyişən müəllif, bu xəstəliyə qalib gəlmək ücün həmin sahəni öyrənməyə, bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb. O, Rusiyanın Surqut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub ve elə orada uşaqlara təlim verib. Daha sonra Amerikanın "Autizm and the environment online" kursunu bitirib və hazırda Amerikanın Autizm Cəmiyyətinin (Autizm society) üzvüdur. Müəllif həmçinin Türkiyədə də autizm üzrə ailə təhsil alıb.