Azərbaycan jurnalistlərinin qurultayı başladı - Yenilənib

azerbaycan-jurnalistlerinin-qurultayi-basladi
Oxunma sayı: 2789

Azərbaycan jurnalistlərinin VII qurultayı başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, hökümət rəsmilərinin də iştirak etdiyi qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda həmçinin Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Əgər qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

***

Qurultayda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurultayda 241 nümayəndə qeydiyyatdan keçib. Beləliklə də qurultay yetersay olduğuna görə açıq elan edilib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısının qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

***

Tədbirdə çıxış edən millət vəkili, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas jurnalistlərə verilən vəsiqədə Mətbuat Şurasının mühörünün də olmasını təklif edib: “Mən "Ədalət" qəzetinin səlahiyyətlərini Mətbuat Şurasına verilməsini təklif edirəm. Qəzetlərdə baş redaktorlara yanaşı Mətbuat Şurasının da möhürü olsun. Jurnalistlərə verilən vəsiqədə Mətbuat Şurasının möhürü olsun. Bu möhür ASAN xidmətdə hazırlana bilər. Hərə bir qəzet açıb vəsiqə verir. Lakin dünyada jurnalistlər sarı kartdan istifadə edir. Bu gün bəzi qəzetlər qeydiyyatdan keçir, lakin işçilərinə maaş vermir, onlar reket qəzetlər siyahısına daxil olur. Bu il Mətbuat Şurasının 15 illik yubileyidir. Təklif edirəm ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu il jurnalistlərin dostu elan edilsin. O, jurnalistlərin problemlərinin həlli üçün fikirlərimizi prezidentə çatdırmaqda ən böyük dəstəkçimizdir”.

***

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir: “Xaricdə elə insanlar var ki, Azərbaycana qarayaxmaqla məşğuldurlar. Onalara üzümü tutub deyirəm. Kimlərinsə diqtəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını elə insanlara qarşı mübarizə aparmağa çağırıram”.

 

Günel Türksoy

Foto: Nuran Məmmədov