Azərbaycanda ilk dəfə yol pullu olacaq - Nazirlər Kabineti təsdiqləsə

azerbaycanda-ilk-defe-yol-pullu-olacaq
Oxunma sayı: 8617

Azərbaycanda ilk dəfə olaraq yeni tikilən Ələt-Astara magistral yolunun ödənişli olacağı barədə xəbərlər yayılıb.

Qafqazinfo” xəbər verir ki, ödənişli yollar praktikası nəinki Avropada, o cümlədən, Cənub-Şərqi Asiyada da tətbiq olunur. Həmin layihələr də effektiv nəticə verməkdədir. Azərbaycanda da bununla bağlı zaman- zaman Milli Məclisin tribunalarından müxtəlif təkliflər səsləndirilir. Hələ üç il bundan əvvəl “Avtomobil yolları haqqında” qanun layihəsinə edilən dəyişikliklərdə qeyd olunurdu ki, ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirəcək. Müqavilənin bağlanması isə gediş üçün ödəmə sənədi ilə təsdiq ediləcək.

Nəzərə çatdıraq ki, ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldırır. Belə ki, həmin yollarda maksimal sürət həddi olur və mənzil başına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə bu yolla daha rahat hərəkət edə bilirlər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində reallaşan bu layihələrdə dövlət iştirak etmir. Bu məsələ ilə daha çox özəl sektor məşğul olur. Belə olan halda da, dövlət büdcəsindən heç bir vəsait xərclənmir. Sadəcə, dövlət hər hansı yolun tikintisi ilə bağlı tender keçirir. Tenderdə qalib gələn şirkət layihəni reallaşdırır.

Bu yaxınlarda ölkə başçısı da “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydası ilə bağlı təkliflər iki ay müddətinə hazırlanaraq ölkə başçısına təqdim edilməlidir.

Ödənişli yol məsələsinin gündəmə gəldiyi bir vaxtda “Qafqazinfo” yeni tikilən Ələt-Astara magistral yolunun hansı prosedurlara əsasən tikildiyi ilə maraqlanıb. Məsələ barədə “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlama verib.

Prezidentin sözügedən fərmanını xatırladan A. Nəcəfli qeyd edib ki, fərmanın icrası nəticəsində investorlar tikinti layihələrinə cəlb ediləcək: “Bu yol tikintisi, hər hansı infrastuktur layihələri də ola bilər. İnvestor öz hesabına həmin layihəni gerçəkləşdirir. Şirkətlə dövlət arasında müqavilə imzalanır. Layihəni ödənişli etməklə oradan öz gəlirlərini götürür. Xərclədiyi pulu geri götürdükdən sonra isə onu dövlətə təhvil verir. Beləliklə də, dövlət büdcəsindən heç bir vəsait xərclənilmədən layihə reallaşır. Məsələn, Şamaxıdan Qubaya gedən yol var. İnvestor olsa, həmin layihə gerçəkləşə bilər, yol ödənişli olar”.

Ələt-Astara yolunun ödənişli olması məsələsinə gəlincə isə, A. Nəcəfli burada fərqli situasiyanın olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, yolun çəkilişi hazırda davam edir: “Müəyyən maliyyə institutlarının krediti hesabına həmin layihə reallaşdırılır. Layihə reallaşandan sonra biz “Azəravtoyol” olaraq Nazirlər Kabinetinə təklif etmişik ki, həmin yol ödənişli olsun. Əgər təklif qəbul edilərsə, buna alternativ olaraq ödənişsiz yol da olmalıdır. Çünki insanlar ödənişli və ya ödənişsiz arasında seçim etməlidirlər. Həmin yolda da bu imkan var. Ödənişli olması nəzərdə tutulan yolun özəlliyi ondan ibarətdir ki, həmin yol alternativ yola nisbətən 40 km daha qısadır. Daha geniş və rahat avtomobil yoludur. Həmin yolda sürət limiti olmayacaq. Nəqliyyat vasitələri hərəkətlərini daha rahat şəkildə davam etdirə biləcəklər. Eyni zamanda, sürücülər yanacağa da qənaət edəcəklər. Yolun gələn il istismara verilməsi planlaşdırılır.

Təklif edilən ödəniş isə simvolikdir. Yəni 1 km-ə 2-4 qəpik arası ödəniş təklif olunur. Nazirlər Kabineti tərəfindən təklif qəbul olunsa, yolun ödənişli olması reallaşa bilər. Burada əsas məqsəd odur ki, yola xərclənmiş vəsaitin bir hissəsi büdcəyə geri qaytarılsın, həm də yolun saxlanmasına dövlət büdcəsindən vəsait cəlb edilməsin. Əldə olunan gəlirlər hesabına yol saxlanılsın. Hazırkı dövrdə də bu çox vacib məsələdir. Bu, dövlət büdcəsinə qənaət etməyə xidmət edir”.

Günel Türksoy