“Azərbaycanı yersiz hədəf göstərməkdə məqsəd nədir?”

azerbaycani-yersiz-hedef-gostermekde-meqsed-nedir
Oxunma sayı: 1975

“İranlı deputatın məntiqiylə yanaşsaq, Azərbaycan da Tehrandakı Ermənistan səfirliyini rahat vura bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçinin “İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyi hədəfə alınsın” çağırışını şərh edərkən bildirib.

Ramiz Alıyev deyib ki, Qəzzada baş verənlər fonunda İranın dünyadakı hərbi nüfuzu sabun köpüyü kimi partladı: “Çoxu gözləyirdi ki, Tehran sona qədər HƏMAS-ı müdafiə edəcək və İsrailin Qəzzaya girməsinə imkan verməyəcək. Amma İran özündə cəsarət tapıb İsrailin hər hansı əməliyyatının qarşısını almağa belə cəhd etmədi. Bundan istifadə edən İsrail hərbi qüvvələri Dəməşqdə İran konsulluğuna aviazərbə endirərək SEPAH-ın 7 komandirini öldürdü. İndi İrandakı bəzi siyasətçilər döyüş meydanında qisas almaq əvəzinə, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum haqda danışırlar. Məgər Azərbaycan İran üçün döyüş meydanıdır?”

Politoloq qeyd edib ki, hədə-qorxu gəlməkdə və sərt bəyanatlar verməkdə dünyada İranın tayı-bərabəri yoxdur: “İran siyasətçiləri hələ də inanırlar ki, söz silahdan daha güclüdür. Mirzə Fətəli Axundov demişkən, dünyada farslar qədər bəlağətli nağıl danışan yoxdur. Cəlal Rəşidi Kuçi də İranın gözəl nağıl danışan siyasətçilərindən biridir. ABŞ-a, İsrailə gücü çatmır, döyüş meydanına atılmağa özlərində cəsarət tapmırlar, başqalarını qızışdırıb odun içərisinə atırlar. İsrail tankları Qəzzanın az qala hər metrini şumlayır, HƏMAS döyüşçülərinin öldürür, həbs edir, İran isə prosesləri, sadəcə, izləməklə, boş bəyanatlar verməklə kifayətlənir. Onların hərbi gücü maliyyələşdirdikləri zəif iradəli, xəstə təfəkkürlü, radikal dindarlardan ibarətdir. Peşəkar, müasir orduları yoxdur. Bunu Qərb, İsrail dövləti yox yaxşı bilir. Ona görə də Qəzzada, İsraildə, İraqda və digər coğrafiyalarda İrana açıq meydan oxuyurlar. Məgər İrana İsrail və Qərb dövlətləri ilə müharibə aparmağa kimsə mane olur? Nə üçün fars siyasətçilər Azərbaycan ərazisini hədəf kimi göstərirlər?

İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsinin Azərbaycana nə aidiyyəti var? Azərbaycanı yersiz hədəf göstərməkdə məqsəd nədir? Eyni məntiqlə yanaşsaq, belə çıxır ki, Azərbaycan da Ermənistanın Tehrandakı səfirliyinə rahat zərbələr endirə bilər”.

Ramiz Alıyev vurğulayıb ki, dövlət öz qisasını terror yolu ilə almamalıdır: “İsrail İranın Bakıdakı səfirliyini deyil, Suriyadakı konsulluğunu vurub. İran siyasətçiləri də, əgər cəsarətlidirlərsə, hədəfi düzgün göstərməlidirlər. Bakı onlar üçün qovğa, döyüş meydanı deyil. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən xain hücumun sifarişçilərini hələ də məsuliyyətə cəlb etməyən İran üzr istəmək, münasibətləri yoluna qoymaq əvəzinə, Cəlal Rəşidi Kuçi kimi boşboğaz siyasətçilərə, “Səhər” kimi təxribatla məşğul olan media orqanlarına meydan verir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfərinə mane olmağa çalışan, dövlətimizə qarşı iftiralar atan, Ermənistana silah-sursatlar ötürən, oradakı separatçılara dəstək olan İran hökuməti bu gün də Zəngəzur dəhlizinin açılmasına mane olan əsas dövlətlərdəndir. Müharibədən sonra nə baş verdi? Ermənistan Rusiyadan sürətlə uzaqlaşdı, Qərbə sığındı. Avropa dövlətlərinin, ABŞ-nin hərbi missiyalarının Ermənistana yerləşdirilməsinə razılıq verdi. Bir neçə ildən sonra İran Qərbin hərbi qüvvələri tərəfindən üzük qaşı kimi mühasirəyə alınacaq. Amma rəsmi Bakı hər zaman bəyan edib ki, biz öz ərazimizdən üçüncü dövlətə qarşı istifadə olunmasına icazə verməyəcəyik. Biz heç zaman imkan verməmişik ki, ABŞ, İsrail kimi dövlətlər Azərbaycan ərazisində İrana qarşı hansısa xoşagəlməz planlarını həyata keçirsinlər. Biz, ilk növbədə, milli maraqlarımıza, daha sonra isə İranla tarixi qonşuluğumuza, bəzi ortaq dəyərlərimizə hörmət edirik. Təəssüf ki, İrandakı bəzi siyasətçilər, dini mərkəzlər bunu başa düşmürlər. Onlar Azərbaycana qarşı xoş olmayan münasibət sərgiləyir, bura xəstə dini, siyasi ideyalar ixrac edirlər, təlimatlandırdıqları terrorçuların əli ilə bizim dövlət məmurlarına, siyasi xadimlərə qarşı sui-qəsdlər həyata keçirirlər”.

Politoloq təəssüflə qeyd edib ki, bu gün İranın Azərbaycanla bağlı sərgilədiyi siyasət İslam ölkəsi adına yaraşmır və qonşuluq siyasətinə ziddir: “Onlar məscidlərdə donuz saxlayan ermənilərə qucaq açırlar, dini dəyərlərə dərin hörmət bəsləyən, yeni məscidlər inşa edən Azərbaycana qarşı isə kin qüsurlar. Ancaq “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar”. Bu gün İranın ətrafında baş verənləri, bu ölkənin sanksiyalar bataqlığında boğulmasını İlahi ədalətin təcəssümü də hesab etmək olar”.