“Azerçay”ın içindən qurbağa çıxıb? - Foto

azercayin-icinden-qurbaga-cixib
Oxunma sayı: 6312

Sosial şəbəkələrdə çayın içindən qurbağa çıxması ilə bağlı fotolar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, müştəri N. Rəhimli mağazadan aldığı “Azerçay” bağlamasından qurbağanın çıxdığını iddia edib. Vətəndaş onu da qeyd edib ki, hadisə ilə bağlı Qida Təhlükəsizlik Agentliyinə müraciət olunub.

“Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Rza Məmmədov açıqlamasında bildirib ki, sözügedən bağlama “Azerçay” qablaşdırmasında saxta məhsul və ya qəsdən edilmiş təxribat ola bilər:

“Çay istehsal prosesində qablaşdırmaya qədər ələk və başqa bu cür proseslərdən keçir. Ona görə belə bir halın baş verməsi mümkün deyil. Alınmış məhsul özü saxta ola bilər ki, bu halla dəfələrlə rastlaşmışıq. Bizim üçün keyfiyyət ən vacib məsələdir. Ona görə tam əmin ola bilərsiniz ki, bu problem ən yüksək səviyyədə araşdırılacaq.

Mütəxəssislər qablaşdırmanın keyfiyyətinə, qutuya daha öncə müdaxilənin olub-olmamasına, çayın növünə və s. baxacaqlar”.

N. Rəhimli bildirib ki, artıq onunla “Azərsun Holdinq”də görüş keçirilib: “Çox mülayim şəkildə danışdılar. Söylədilər ki, özləri də bu hadisədən pis olub. Yoxlamaq üçün qurbağanı istəsələr də, Qida Təhlükəsizlik Agentliyinə müraciət etdiyim üçün vermədim”.

***

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı vətəndaş tərəfindən Agentliyin 1003 “Çağrı mərkəzi”nə müraciət daxil olub: 

“Müraciət daxil olduqdan dərhal sonra araşdırılması üçün Agentliyin aidiyyəti şöbəsinə yönləndirilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”. 

Günel Hacı