“Bakı və regionlarda uçot düzgün aparılmır”

baki-ve-regionlarda-ucot-duzgun-aparilmir
Oxunma sayı: 2856

“Tibbi tullantılarla bağlı xəstəxanaların monitorinq planı hazırlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, tibbi tullantılarla bağlı xəstəxanalarda monitorinqlər davam edəcək: “Tibb müəssisələrinin tibbi tullantılarla bağlı uçotun yaxşılaşdırılması və elektronlaşdırılması istiqamətində işlərə başlanılıb. Yaradılan İşçi Qrupun yanında alt işçi qrupu da yaradılıb, tələblərə dəyişiklik edilməsi ilə bağlı yeni layihə hazırlanıb.

Əvvəlki illərə nisbətən tullantıların idarəolunmasında müəyyən irəliləyişlərə nail olunsa da, Bakı və regionlarda uçot və hesabatlılıq düzgün aparılmır, problemlər hələ də qalır. 2020-ci illə müqayisədə tullantıların yaranmasında 2-3 dəfə artım var. Bu, real artım deyil. Hesab edirəm ki, uçotun daha da şəffaflaşdırılması səbəbindən baş verir. Tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsi ilə bağlı xüsusi otaqlar ayrılsa da, müəyyən tələblərə uyğun həyata keçirilmir. Hətta bəzən tullantılar açıq şəkildə saxlanılır, yaxud xüsusi torbalar olsa da, bəzən çeşidlənmədə problem olur. Təəssüf ki, regionlarda hələ də tibbi tullantılar məişət tullantıları ilə birlikdə atılır”.

Zaur Mirzə